Monday, 20 March 2023, 14:01:35 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qlobal Bakı Forumu öz işinә başlamışdır

"Açıq icmalar yaratmaq üçün boşluqların aradan qaldırılması" başlıqlı 6-cı Qlobal Bakı Forumu 15 mart, 2018-ci ildə Azərbaycan paytaxtında işinə başlamışdır. Hazırkı və keçmiş dövlət və hökumət rəhbərləri, məşhur siyasətçilər, beynəlxalq təşkilat rəhbərləri və digər məşhur ictimai şəxslər də daxil olmaqla 50-yə yaxın ölkədən nümayəndələrin iştirak etdiyi Forum Azərbaycan Diasporalarla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən dəstəklənmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın iştirak etdiyi açılış mərasimində Azərbaycan lideri Foruma müraciət ünvanlamışdır. Açılış mərasimində, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti Gyorge İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Hersoqovina Prezidentlik Üzvü Mladen İvaniç, Türkiyə Baş Naziri Binali Yıldırım, Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu, Türkiyə Xarici İşlər Nazirinin Müavini Ahmet Yıldız, Fələstin Baş Nazirinin Müavini Ziad Abu Amr, Bosniya və Hersoqovina Hökumət başçısının müavini Mirko Saroviç və Rumıniya Baş Nazirinin Müavini Ana Birçall çıxış etmişdir.

Forum çərçivəsində Baş katib Altınbek Mamayusupov Türk Akademiyasının Prezidenti Darxan Kıdırali ilə görüşmüşdür. Tərəflər 2014-cü ildə TÜRKPA və Türk Akademiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində iki qurum arasında əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparmışdır.