ATƏTPA-nın Qış İclası keçirilmişdir
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏTPA) 17-ci Qış İclası 22-23 fevral, 2018-ci ildə Vyana şəhərində ATƏT-in qərargahı Hofburq Sarayında baş tutmuşdur.
İclasın əsas müzakirələri "saxta xəbərlər", iqlim dəyişikliyi, terrorizm, miqrasiya və silahlara nəzarət kimi məsələlərə həsr edilmişdir. Həmçinin ATƏT üzv ölkələrinin parlamentariləri beynəlxalq gərginliyin yüksəldiyi zamanlarda dialoqun səviyyəsinin təkmilləşdirilməsi ehtiyacını müzakirə etmişdir.
Baş katib Altınbek Mamayusupov qonaq qismində ATƏTPA-nın Qış İclasında iştirak etmiş və TÜRKPA üzv ölkələrinin ATƏTPA-dakı nümayəndə heyəti üzvləri, eləcə də Özbəkistan Parlamenti Qanunvericilik Palatasının Sədr müavini və Özbəkistanın ATƏTPA-dakı nümayəndə heyətinin rəhbəri cənab Boriy Alixanov ilə görüşmüşdür.
İclas çərçivəsində cənab Mamayusupov ATƏTPA Baş katibi cənab Roberto Montella və ATƏTPA-nın Vyanada Xüsusi Nümayəndəsi Səfir Andreas Notelle ilə görüşmüşdür. Tərəflər ATƏTPA və TÜRKPA arasında əməkdaşlıq perspektivlərini müzakirə etmiş və konkret sahələrdə əməkdaşlıq mexanizmlərinin inkişafı üzrə fikir mübadiləsi etmişdir.