Tuesday, 22 October 2019, 00:26:38 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mehmet Ali Şahinin çıxışı

Hörmətli parlament sədrləri, hörmətli parlament üzvləri, baş katiblər, hörmətli qonaqlar.

Mən də sizin hamınızı böyük hörmətlə salamlamaq istəyirəm. TürkPA-nın I Plenar İclasında sizinlə birlikdə olmağımdan böyük məmnuniyyət hissi duyuram. İlk öncə ev sahibliyi edən Milli Məclisin Sədri, hörmətli qardaşım cənab Oqtay Əsədova öz minnətdarlığımı bildirirəm. Çünki doğrudan da özümüzü öz evimizdəki kimi hiss edirik və buna görə də cənab sədrə təşəkkürümü bildirmək istərdim.

Biz TürkPA tavanı altında bir araya gələn eyni hüquqlu dövlətlərik. Lakin bizim ortaq dəyərlərimiz var - dilimiz, dinimiz, tariximiz, mədəniyyətimiz, həyat tərzimiz, adətlərimiz oxşardır. Bu dəyərlər yeni meydana gəlməmiş, əsrlər boyunca onlar mövcud olmuşlar. Amma müəyyən səbəblər üzündən 1992-ci ilə qədər biz bir araya lazımı şəkildə gələ bilməmişik. Amma 17 il bundan əvvəl türkdilli ölkələrin başçılarının zirvə toplantısında bir araya gəldik. Bu tarixdən sonra biz əldə etdiyimiz ortaqlıqdan güc toplamağa başladıq, hər sahədə gözəl münasibətlər qurmağa başladıq. Eyni zamanda yerləşdiyimiz coğrafiyanın beynəlxalq aləmdə əhəmiyyəti artmağa başladı. TürkPA hələlik 4 ölkənin daxil olduğu bir təşkilatdır. 17 il bundan öncə bizim ölkə liderlərinin zirvə görüşü olmasa idi, bu gün biz bu təşkilatı yarada bilməzdik. Biz burada - Bakıda ilk plenar iclasa toplaşa bilməzdik.

2006-cı ildə Türkiyənin Antalya şəhərində liderlərin zirvə toplantısında türkdilli dövlətlərin parlamentlərinin bir araya gəlməsi üçün mesaj verildi. Həmin təklif Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayev tərəfindən irəli sürülmüşdü və digər ölkə başçıları tərəfdən səmimiyyətlə qəbul olunmuşdu. Bu səbəbdən Nursultan Nazarbayevə, Kurbanbek Bakiyevə və İlham Əliyevə öz təşəkkürümü bildirmək istərdim, çünki onlar olmasa idilər biz bu təşkilatı yarada bilməzdik. Azərbaycan Prezidenti İlham Əliyevə və Milli Məclisin spikeri Oqtay Əsədova bir daha öz dərin təşəkkürümü bildirmək istərdim, çünki bir müddət sonra Naxçıvanda türkdilli ölkələrin başçılarının yeni bir zirvə toplantısı keçiriləcək. Bizdə belə bir deyim var: "Tək əldən səs çıxmaz". Biz bir əl deyil, dörd əlik. Mən TürkPA tavanı altında Türkmənistanın və Özbəkistanın da bizə qoşulmasına ümid edirəm. Biz hamımız onlarla əməkdaşlığı genişləndirməliyik. Bizim belə bir təşkilatı yaratmağımız əslində xalqlarımızın bir araya gəlməsi deməkdir, çünki biz millət vəkilləri olaraq xalqlarımızı təmsil edirik. Mən əminəm ki, bizim bir araya gəlməyimiz həm iqtisadi, həm siyasi və ümumiyyətlə, bütün sahələrdə əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaqdır. Biz bizə məxsus olan ortaq dəyərlərimizi gələcək nəsillərə də ötürməliyik.

Bu gün tarixi bir addım atırıq. Bundan sonra əlaqələrimiz daha yaxın olacaq, daha yaxın təmasda işləyəcəyik. Dövlətlərimizin problemlərinə daha da həssas yanaşacağıq. Amma birləşməyimiz üzərimizə bəzi məsuliyyətlər qoyur ki, biz onları mütləq yerinə yetirməliyik. Əgər biz dost, qardaşıqsa, onda hər birimizin probleminə həssaslıqla yanaşmalıyıq. Həmçinin parlamentlərimizin TürkPA çərçivəsində bir araya gəlməsi çox ciddi bir təcrübə mübadiləsini də ortaya çıxarır. Parlamentlərimizin təcrübəsindən faydalanmalıyıq.

Mən sözümü çox uzatmaq istəmirəm. Bu tarixi addıma hamımız şahidlik edirik. Biz hamımız bunun qürurunu, sevincini yaşamaqdayıq. Mən bütün iştirakçılara təşəkkürümü bildirmək istəyirəm. Mən bu birliyin əsasını qoyan prezidentlərimizə təşəkkür edirəm. Mən TBMM-in təbriklərini sizə çatdırıram və iştirak edən bütün tərəflərə öz təşəkkürümü bildirirəm, bu addımın xeyirli, uğurlu olmasını diləyirəm.