Saturday, 07 December 2019, 08:17:30 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA-nın 1-ci Plenar İclası. Bakı, 29 sentyabr 2009-cu il

29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) I Plenar İclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Ural Muxamedjanov, Qırğız Respublikası Jogorku Keneşinin Sədri cənab Aytibay Taqayev, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mehmet Əli Şahin, üzv dövlətlərin parlamentariləri və parlamentlərin aparat rəhbərləri iştirak edirdilər.

Tədbirdə TürkPA-nın Nizamnaməsi, qurumun Katibliyinin Əsasnaməsi, həmçinin TürkPA-nın baş katibi və müavinlərinin seçilməsi məsələləri ətrafında müzakirələr aparıldı. İclasda çıxış edənlər gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqladılar, təkliflər verdilər. Müzakirələrin yekunu olaraq TürkPA-nın Nizamnaməsi, Katibliyin Əsasnaməsi və illik büdcəsi qəbul edildi. Qurumun katibliyi 4 il müddətinə Bakı şəhərində fəaliyyət göstərəcək. Ümumi toplantıların isə ildə bir dəfədən az olmayaraq, reqlament üzrə müəyyən olunmuş yerdə və vaxtda keçirilməsi məqsədəuyğun sayıldı.

Tədbirdə parlamentarilər TürkPA-nın baş katibini və müavinlərini seçdilər. Ümumi razılıq əsasında Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri və Diasporlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ramil Həsənov TürkPA-nın baş katibi, Qazaxıstandan Respublikasının nümayəndəsi Mels Semqaliyev, Qırğızıstan Respublikasının nümayəndəsi Avazbek Ataxanov və Türkiyə Respublikasının nümayəndəsi Kürşad Melih Sarıarslan baş katibin müavinləri seçildilər. İclasın sonunda TürkPA-nın Bakı Bəyannaməsi qəbul edildi. Beləliklə, TürkPA-nın I Plenar İclası öz işini uğurla başa çatdırdı.