Monday, 21 October 2019, 23:57:36 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA-nın 5-ci Plenar İclası. 12-13 iyun 2014-cü il, Bakı

12-13 iyun 2014-cü il tarixində Bakıda Azərbaycan Respublikasının Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun rəhbərliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının 5-ci Plenar İclası keçirilmişdir.

Plenar İclasda Qaxaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Kabibulla Jakupov, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Asilbek Jeenbekov, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Cemil Çiçek iştirak etmişdir.

Plenar İclasdan öncə keçirilmiş Assambleya Şurasının toplantısında TÜRKPA-da Sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikası Milli Məclisinə keçmişdir.

Ümumi müzakirələrdə Plenar İclasın əsas mövzusu “TÜRKPA fəaliyyətinin məzmunu” olmuşdur. Sədrlər Assambleyanın gələcək institusional inkişafı baxımından TÜRKPA-nın səmərəliliyinin artırılması məsələsinə dair fikir mübadiləsi aparmışdır. Assambleya TÜRKPA daimi Komissiyalarının yenidən qurulmasına, beynəlxalq əlaqələr və hüquq məsələləri, iqtisadi əməkdaşlıq, sosial, mədəni və humanitar məsələlər və ətraf mühit və təbii ehtiyatlar komissiyalarının təsis edilməsinə dair qərar qəbul etmişdir. Həmçinin 5-ci Plenar İclasın gündəliyinə TÜRKPA-nın daimi Komissiyalarının sonuncu toplantılarının hesabat məruzəsi və tövsiyə qərarları, Azərbaycanda keçirilən Prezident seçkilərinə dair TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının hesabatı və TÜRKPA-nın 2015-ci maliyə ili üçün büdcəsi daxil edilmişdir.

Plenar iclasda Macarıstan Milli Assambleyasının Sədr müavini Şandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti də iştirak etmiş və Assambleya Şurasının qərarı ilə Macarıstan Parlamentinə TÜRKPA-da müşahidəçi statusu verilmişdir.

İclasda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKSOY, Türk Akademiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA), GUAM, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Türk Dünyası Bələdiyyələr Birliyi və Marmara Qrupu Fondunun nümayəndələri iştirak etmişdir.