Tuesday, 20 August 2019, 03:39:45 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş katibi cənab Ramil Həsənovun çıxışı

Cənab Sədr!

Hörmətli cənab Asilbek Jeenbekov, cənab Oqtay Əsədov, cənab Nurlan Nigmatulin, cənab Cəmil Çiçək!

Bildiyiniz kimi, Assambleyanın II plenar sessiyası 2011-ci ildə Astanada keçirilmişdir. TÜRKPA-nın II plenar sessiyası Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 20-ci ildönümünə həsr olunmuşdur. Astana sessiyasında TÜRKPA-nın beynəlxalq parlament təşkilatı olaraq möhkəmləndirilməsi məqsədi ilə vacib sənədlər qəbul edilmiş, 4 daimi komissiya qurulmuş, sədrlik rəsmən Azərbaycandan Qazaxıstana keçmiş, Astana Bəyannaməsi qəbul olunmuşdur.

TÜRKPA ötən dövrdə bir neçə istiqamətdə ciddi uğurlara imza atmışdır. II Plenar Sessiyada qurulmuş 4 komissiyaların ilk toplantıları ötən ilin noyabr-dekabr aylarında həyata keçirilmiş və Komissiyaların rəsmi sənədləri – hesabat məruzələri və tövsiyyə qərarları qəbul olunmuşdur. Qeyd etmək istərdim ki, biz məhz bu Bişkek sessiyasında artıq qəbul edilmiş həmin sənədləri müzakirə edib təsdiq edəcəyik. Bu barədə Komissiya tərəfindən təyin olunmuş məruzəçilər və Komissiya sədrləri sizlərə daha geniş məlumat verəcəklər.

TÜRKPA-nın təsis etdiyi seçkilər üzrə beynəlxalq müşahidə missiyası Qırğızıstanda keçirilmiş prezident seçkiləri, Qazaxıstanda və Türkiyədə isə parlament seçkiləri müşahidə etmişdir. Seçkilərin nəticələri ilə bağlı yekun hesabatlar müşahidə missiyalara rəhbərlik edən millət vəkilləri tərəfindən diqqətinizə təqdim ediləcəkdir. Eyni zamanda həmin hesabatlar tanış olmaları məqsədi ilə ATƏT Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq qurumlara göndərilmişdir. Artıq demək olar ki, TÜRKPA-nın müşahidəçilər mandatı beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan və tanınan bir missiyaya çevrilmişdir.

Bu dövr ərzində TÜRKPA beynəlxalq əməkdaşlıq çərçivəsində Katibliyin də aktiv iştirakı ilə bir çox nailiyyətlər əldə etmişdir. TÜRKPA nümayəndə heyəti ATƏT Parlament Assambleyası, Parlamentlərarası Birliyi, ATƏT Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlığı Təşkilatının Parlament Birliyi, Avropa Parlamenti, Baltik Assambleyası, GUAM, QDİƏT Parlament Assambleyası və MDB Parlament Assambleyasının toplantılarında, sessiyalarında və konfranslarında iştirak etmişdir. İlk dəfə TÜRKPA Katibliyi koordinatorluğu ilə ATƏT PA-nın 2012-ci ildə keçirilən qış sessiyasında TÜRKPA üzv ölkələrinin nümayəndə heyətləri bir araya gəlmiş və ATƏT PA çərçivəsində ortaq fəaliyyət üçün ilkin istək ifadə etmişdilər.

Həmçinin TÜRKPA Baş Katibi ATƏT-in Baş Katibi Lamberto Zannieri ilə, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi səfir İyon O`Liri və Avropa Parlamentinin xüsusi nümayəndəsi Dik Tornstra ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərin hər birisi Assambleyanın fəaliyyətlərinin, vəzifələrinin və hədəflərinin beynəlxalq ictimaiyyətə tanıtdırılması məqsədi daşımışdır. Məlumat üçün bildirmək istəyirəm ki, ATƏT-də hal hazırda sədrlik edən İrlandiya Respublikasının Vyanadaki səfirliyinin dəvəti ilə cari ilin sentyabr ayında ATƏT-in Daimi Şurasında TÜRKPA Baş Katibinin brifingi nəzərdə tutulub. Brifingin məqsədi Daimi Şurada təmsil olunan ATƏT üzv dövlətlərinin səfirlərinə TÜRKPA haqqında ətraflı məlumat vermək, Daimi Şuranı maraqlandıran sualları cavablandırmaq və iki təşkilat arasında əməkdaşlıq perspektivləri müzakirə etməkdir. Bundan əlavə, CİCA, Asiya Ölkələri Parlament Assambleyası və Şimali Şura (Nordic Council) kimi beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr davam etməkdədir.

TÜRKPA-nın beynəlxalq əməkdaşlığı BMT-nin legitim və ali rolunun tanınmasına əsaslanır. Buna əsasən, TÜRKPA BMT Baş Assambleyasında müşahidəçi statusu almaq üçün müraciət etmişdir. TÜRKPA üzv ölkələrin BMT-də daimi nümayəndəliklərinin səyi nəticəsində həmin məsələ BMT Baş Assambleyasının 66-ci sessiyasının gündəliyinə daxil olmuşdur. İnanırıq ki, üzv ölkələrin xarici işlər nazirliklərinin dəstəyi ilə 2012-ci ildə bu istiqamətdə ən önəmli uğurlarımıza imza atacayıq.

TÜRKPA və Türk Dövlətlərin Əməkdaşlıq Şurası arasında Türkdilli dövlətlərin siyasi, iqtisadi və mədəni əlaqələrinin möhkəmlənməsinə dayanan ümumi ana məqsədlərinə uyğun işbirliyi inkişaf edir. Bu məqsədlə həm TÜRKKON həm də TÜRKSOY-la əlaqələr gücləndirilmiş, bir-birimizin layihələrində birgə iştirakın və ortaq koordinasiyanın təməlləri qoyulmuşdur. Nəzərinizə çatdırmaq istəyirəm ki, TÜRKPA Baş Katibi 2011-ci il 20-21 oktyabr tarixində Almatı şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Görüşündə iştirak etmiş və TÜRKPA-nın fəaliyyəti ilə bağlı dövlət başçıları və xarici işlər nazirləri məlumatlandırmışdır. 2012-ci ildə keçirələcək II Zirvə Görüşündə də ənənəvi olaraq TÜRKPA nümayəndə heyətinin iştirakı nəzərdə tutulmuşdur.

TÜRKPA öz fəaliyyət proqramına uyğun olaraq beynəlxalq konfrans təşkil etmişdir. “XXİ əsrdə Qadın Siyasətçilərinin artan rolu” mövzusunda beynəlxalq konfrans uğurla keçirilmiş mühüm qərarlar qəbul olunmuşdur.

Hörmətli Sessiya iştirakçıları!

Ötən dövr ərzində TÜRKPA Baş Katibinin Azərbaycan Qazaxıstan Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri ilə, həmçinin hər 4 ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirilmiş, məsləhətləşmələr aparılmış və onların tövsiyyələri dinlənilmişdir.

Eyni zamanda TÜRKPA Katibliyi tərəfindən təşkilatın hüquqi sənədləri 5 dilə çevrilmiş və kiçik kitabça şəklində çap edilmişdir. TÜRKPA-nın hüquq komissiyasının tövsiyyə qərarına əsasən üzv dövlətlərinin konstitusiyaları, həmçinin Özbəkistan və Türkmənistan konstitusiyaları təşkilatımızın rəsmi dillərinə tərcümə olunmuş və çap edilmişdir. Bu gün siz burada çap olunmuş sənədləri görmək imkanına sahibsiniz.

Hörmətli Assambleya üzvləri!

TÜRKPA digər Türkdilli dövlətləri ilə sıx qarşılıqlı əlaqələrin qurulmasında xüsusən maraqlıdır. Belə ki, Türkmənistan və Özbəkistan parlamentləri ilə təmasların qurulması prosesi davam edir. Yaxın perspektivdə iki qardaş ölkəni TÜRKPA-da görəcəyimizdən qürur duyacağımızı bildirir və buna inanırıq. TÜRKPA regionun digər ölkələrin parlamentlərinin, habelə digər beynəlxalq təşkilatlarının gələcəkdə öz fəaliyyətində aktiv iştirakından məmnunluq duyacaqdır.

TÜRKPA İstanbul Anlaşmasına uyğun olaraq, parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Qırğızıstan və Türkiyə parlamentləri arasında mübadilə proqramlarını həyata keçirmiş və bu proseslər davam etdirilir.

TÜRKPA qlobal dialoqun ümumi parlamentlərarası platformanın möhkəmlənməsinə xüsusi önəm verir. TÜRKPA ənənəvi diplomatiyanı tamamlayan bir amil kimi parlament diplomatiyasının da istifadə etməklə dünyada sülhün, demokratiya və iqtisadi inkişafın bərqərar olmasında xüsusi rol oynayacağına inanır. TÜRKPA-nın Avropa və Asiya beynəlxalq institutları ilə sıx işbirliyi dünyada çox vacib faktoru olan mədəniyyətlər və dinlərarası dialoqunun intensivləşməsində və tolerantlıq amilinin ön plana çixmasında önəmli rol oynamaqdadır.

TÜRKPA yaxın perspektivlərdə daimi komissiyaların növbəti toplantılarını beynəlxalq konfransların təşkil edilməsi, regional və qonşu dövlətlərin parlamentləri ilə əlaqələrin inkişafına dair tədbirlərin və Türkdilli ölkələrin arasında münasibətlərin intensivləşməsinə yonəlmiş layihələrin həyata keçirilməsini nəzərdə tutmaqdadır. Bundan əlavə, Beynəlxalq Əlaqələr Komissiyasının tövsiyyə qərarına əsasən, yaxın gələcəkdə “Ölkələrarası əməkdaşlığın inkişafında gənc liderlərinin rolu” və “TÜRKPA: parlamentlərarası əməkdaşlığın yeni mərhəlləsi” mövzularında beynəlxalq konfransların təşkil edilməsi fəaliyyət planımızda nəzərdə tutulmuşdur.

TÜRKPA-nın rəsmi internet səhifəsi də yenilənmiş və hər bir şəxs istənilən məlumatı orada əldə edə bilər.

Bütün bu proseslərin gedişatında Assambleyanın daimi orqanı olan Katiblik olaraq biz tarixi və siyasi məsuliyyətimizi dərk edir vahid komanda olaraq birgə fəaliyyət göstəririk.

Hörmətli Sədr, dəyərli Assambleya üzvləri!

TÜRKPA-da BMT-nin əsas dillərindən olan ingilis dilinin olması təşkilatın beynəlxalq əməkdaşlıq və beynəlxalq əlaqələr sisteminə inteqrasiya prosesində mühüm rol oynamaqdadır. İnanıram ki, bu gün təsdiq olunacaq TÜRKPA daimi komissiyaların katibləri də beynəlxalq əlaqələr sahəsində təcrübələri ilə və dil səviyyələri ilə təşkilatın inkişafına töhfə verəcəklər.

Bu fürsətdən istifadə edərək, TÜRKPA-da sədrlik dövründə hərtərəfli dəstəyi bizdən əsirgəməmiş Qazaxıstan Parlamenti Məclisin Sədri cənab Nurlan Niqmatulina, beynəlxalq əməkdaşlıq çərçivəsində TÜRKPA-ya tam dəstək verən Türkiyə və Qırğızıstan spikerlərinə və xarici işlər nazirlərinə təşəkkürümü izhar etməkdan şərəf duyuram.

TÜRKPA Katibliyinin Bakıda hərtərəfli fəaliyyətinə yaradılmış bütün yüksək imkanlara, diplomatik missiya olaraq bizə vermiş olduğu xüsusi dəstəyə görə rəsmi qurumlara, o cümlədən şəxsən Azərbaycan Respublikası Milli Məclisinin sədrinə və Azərbaycan hökümətinə xüsusi təşəkkürümü çatdırmaqdan şərəf duyuram.

Çıxışımızın sonunda yüksək qonaqpərvərliyinə, ev sahibliyinə görə Qırğızıstan dövləti və parlamentinə xüsusi təşəkkürümü çatdırmaq istəyirəm.

Diqqətinizə görə minnətdaram!