Wednesday, 23 October 2019, 20:27:38 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA-nın 2-ci Plenar İclası. Astana, 27 - 28 aprel 2011-ci il

27-28 aprel 2011-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar sessiyası keçirilmişdir.

Plenar sessiya Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin 20-ci ildönümünə həsr olunmuşdur.

Plenar sessiyada Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oqtay Əsədovun, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri cənab Ural Muxamedjanovun, Qazaxıstan Respublikasının Parlamenti Senatının sədri cənab Kayrat Maminin, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri cənab Axmatbek Keldibekovun və Turkiyə Böyük Millət Məclisinin sədri cənab Mehmet Ali Şahinin rəhbərliyi altında nümayəndə heyətləri iştirak etmişlər.

Həmçinin, İslam Konfransı Təşkilatı Parlament İttifaqının Baş katibi cənab Mahmud Erol Kılıç, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, səfir cənab Halil Akıncı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibinin müavini cənab Serhad Varlı, TÜRKSOY-un Baş katibinin müavini cənab Fırat Purtaş da xüsusi qonaq qismində iştirak etmişlər.

27 aprel 2011-ci il tarixində TÜRKPA üzvü olan ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament sədrlərinin iştirakı ilə Assambleya Şurasının iclası keçirilmişdir. Şuranın iclasını TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov açmış, daha sonra rəsmi mərasim ilə sədrlik Azərbaycandan Qazaxıstana keçmişdir. Assambleya Şurasının iclasında Baş katib tərəfindən 2010-cu il üzrə illik fəaliyyət hesabatı, 2011-2012-ci illər üçün hazırlanmış büdcə layihələri təqdim olunmuş, TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının Qırğızıstanda və Azərbaycanda keçirilmiş parlament seçkilərində, Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkilərində iştirakı ilə bağlı məlumatlar dinlənilmiş, Assambleyanın Reqlamentinə, Katibliyin Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsinə dair müzakirələr aparılmış, TÜRKPA-nın rəsmi bayrağı və emblemi, Qırğızıstan tərəfinin təqdimatı əsasında Joqorku Keneşin nümayəndəsinin, TÜRKPA Baş katibinin müavini vəzifəsinə seçilməsi və növbəti III plenar sessiyanın Bişkekdə keçirilməsi məsələləri plenar sessiyanın gündəliyinə daxil edilmişdir. Həmçinin, İslam Konfransı Təşkilatı Parlament İttifaqının müraciətinə baxılaraq, sözügedən təşkilata TÜRKPA-da müşahidəçi statusu verilmişdir.

İclasın sonunda İstanbul Sazişinə edilmiş əlavə və düzəlişlərə və TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin kitabxanaları arasında əməkdaşlığa dair protokolların imzalanma mərasimi təntənəli surətdə keçirilmişdir.

28 aprel 2011-ci il tarixində TÜRKPA-nın II plenar sessiyası öz işinə başlamışdır. Sessiyanı TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri cənab Ural Muxamedjanov açmış, daha sonra digər parlamentlərin sədrlərinin çıxışları dinlənilmişdir. Sessiyada Katibliyin 2011-2012-ci illər üçün nəzərdə tutulmuş büdcəsi, Assambleyanın Reqlamentinə və Katibliyin Əsasnaməsinə əlavə və dəyişikliklər, TÜRKPA-nın rəsmi bayraq və emblemi qəbul edilmişdir.

Daha sonra TÜRKPA Baş katibinin müavini vəzifəsinə Qazaxıstan tərəfindən təqdim olunmuş namizəd seçilmiş, III plenar sessiyanın Bişkekdə keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir.

Bundan başqa TÜRKPA-nın yeni dörd daimi komissiyası qurulmuşdur. Yeni qurulmuş Beynəlxalq əlaqələr Komissiyasının sədrliyinə Azərbaycan nümayəndə heyətinin üzvü cənab Əhliman Əmiraslanov, Sosial, Mədəni və Humanitar məsələləri Komissiyasının sədrliyinə Qazaxıstan nümayəndə heyətinin üzvü cənab Qarifolla Yesim, İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri Komissiyasının sədrliyinə Qırğızıstan nümayəndə heyətinin üzvü cənab Kocobek Rıspayev və Hüquq məsələləri Komissiyasının sədrliyinə Türkiyə nümayəndə heyətinin üzvü cənab Agah Kafkas seçilmişlər.

Yeni Reqlamentə əsasən daimi komissiyaların səlahiyyətləri və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

TÜRKPA Katibliyinin Əsasnaməsinə edilmiş əlavə və dəyişikliklərə əsasən yeni qurulmuş daimi komissiyaların işinin səmərəliyini təmin etmək məqsədi ilə komissiya katibləri vəzifəsi təsis edilmiş, səlahiyyətləri və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

TÜRKPA Baş Katibinin, onun müavinlərinin və komissiya katiblərinin beynəlxalq məmur hesab edilməsi ilə bağlı bəndlər də TÜRKPA Katibliyinin Əsasnaməsinə daxil edilmişdir.

İstanbul Sazişinə edilmiş yeni dəyişiklərlə TÜRKPA-nın rəsmi dilləri tərkibinə BMT-nin rəsmi dillərindən biri olan İngilis dili əlavə edilmiş, üzv dövlətlərin TÜRKPA-dakı nümayəndə heyətlərinin say tərkibi 7-dən 9-a çıxarılmış, Qazaxıstan Parlamenti Senatının sədri, TÜRKPA Assambleya Şurasının üzvlüyünə daxil edilmişdir.

Plenar sessiyanın sonunda sessiyanın yekun sənədi olan Astana Bəyannaməsi qəbul edilmiş və üzv ölkələrin parlament sədrlərini iştirakı ilə mətbuat konfransı keçirilmişdir.