Wednesday, 16 October 2019, 21:19:52 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun çıxışı

Hörmətli həmkarlar,

Əziz dostlar,

Xanımlar və cənablar,

Əsrlər boyu türk dünyasının mütəfəkkir insanları türk birliyi haqqında düşünsələr də, bu ideyanın həyata keçməsi üçün real şərait yalnız XX əsrin sonlarında yaranmışdır. Sovetlər Birliyinin dağılması, dünyanın siyasi xəritəsinə Türkiyə Cümhuriyyəti ilə yanaşı, 5 yeni türkdilli dövlətin əlavə edilməsi xalqlarımızın tarixi taleyinin öz məcrasına qayıtmasına təkan vermişdir.

20 il ərzində bizim ölkələrimiz nəhəng inkişaf yolu keçmişlər. Yeni türkdilli dövlətlər artıq nəinki yerləşdikləri bölgələrin, həm də dünyanın siyasi və iqtisadi həyatında fəal rol oynayırlar. Azərbaycan haqqında onu deyə bilərəm ki, son bir neçə ildə baş vermiş qlobal iqtisadi böhran şəraitində belə, ölkəmiz yüksək iqtisadi artım sürətini saxlamağa nail olmuş, böhranın sosial fəsadlarını uğurla dəf etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni dövrün problemlərinin öhdəsindən gəlmək qabiliyyəti, həyata keçirdiyi düşünülmüş və səmərəli siyasət ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafını təmin etmişdir.

Bu gün Cənubi Qafqaz ölkələrində yaradılan ümumi daxili məhsul həcminin yarısından çoxu Azərbaycanın payına düşür. Son 10 il ərzində Azərbaycanın dövlət büdcəsinin həcmi 16 dəfə artmışdır. Ölkəmizin xarici ticarət dövriyyəsi 10 dəfəyə yaxın çoxalmışdır.

Azərbaycanın, Gürcüstanın və Türkiyənin birgə səyləri ilə həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyi sisteminin mühüm tərkib hissəsinə çevrilməkdədir. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri xalqlarımıza xidmət edir. İndi Mərkəzi Asiya ölkələrindən neft və neft məhsulları Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılır.

Amma inkişaf təkcə iqtisadi və sosial amillərlə ölçülmür. Xalqlarımızın şüurunda da köklü dəyişikliklər baş vermişdir. Babaların vəsiyyət etdiyi “dildə, sözdə, əməldə birliyin” əhəmiyyətinin indi daha dərindən dərk edildiyini söyləyə bilərik.

Bu gün bəşəriyyətin qarşılaşdığı qlobal problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç zaman bu qədər dərindən hiss olunmamışdır. Digər tərəfdən, bölgələrimizin coğrafi-strateji əhəmiyyətinin artması da türkdilli xalqlar ailəsinin bütün üzvləri arasında sıx birliyin və əməkdaşlığın vacibliyini ön sıraya çıxarmışdır. Son illərdə ölkələrimizin ikitərəfli və çoxtərəfli əlaqələrinin güclənməsi göstərir ki, onlar əməkdaşlıq üçün yaranmış yeni imkanlardan səmərəli istifadə etməyə çalışırlar.

Bu mənada Türkdilli Ölkələrin Parlament Assambleyası xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağın səmərəli bir vasitəsi kimi özünü göstərə bilmişdir. Türkdilli ölkələrin dövlət başçılarının mütəmadi görüşləri, türk xalqlarının mədəni irsinin qorunması və inkişafı ilə məşğul olan TÜRKSOY təşkilatı ilə yanaşı, TürkPA dövlətlərimiz arasında siyasi əlaqələrin dərinləşdirilməsi, eləcə də ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi işinə dəyərli töhfələr verir.

Azərbaycan parlamenti bu uğurlara sevinir və təşkilatımıza bundan sonra da ən yüksək səviyyədə dəstək verəcəkdir. Türkdilli ölkələrin dövlət başçılarının görüşləri zamanı qəbul edilən qərarlar bu sahədə daha geniş miqyaslı işlərin görülməsinə zəmin yaradır, qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Dövlət başçılarının ötən ilin sentyabr ayında İstanbulda keçirilmiş X zirvə görüşündə türk dünyasının birləşməsi yolunda irəliyə doğru mühüm addımlar atılmışdır.

Görüşdə qəbul edilmiş ən mühüm qərarlardan biri “Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası”nın yaradılması olmuşdur. Qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcəkdir. Həmin görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyev TÜRKSOY Fondunun yaradılması təklifini irəli sürmüşdür və indi bu istiqamətdə əməli tədbirlər görülür. Dövlət başçılarının TürkPA-ya verdikləri əhəmiyyətin ifadəsi olaraq, TürkPA-nın Baş katibi cənab Ramil Həsənov toplantıda çıxış etmiş və Assambleyanın fəaliyyəti haqqında məlumat vermişdir.

Dövlət başçılarının görüşündə səsləndirilmiş digər təkliflərin də həyata keçirilməsi üçün hazırda intensiv iş aparılır. Hesab edirəm ki, türk birliyinin möhkəmləndirilməsi naminə dövlət başçıları səviyyəsində fəaliyyətin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləyə bilərik.

Hörmətli həmkarlar,

Bildiyiniz kimi, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu getdikcə artır. Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası ənənəvi diplomatiya mexanizmlərini tamamlayıb zənginləşdirir, dövlətlər arasında mövcud olan məsələlərin həllinə, sivilizasiyalar arasında dialoq üçün maneələrin aradan qaldırılmasına sanballı töhfə verir.

Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası əməkdaşlığın bütün formalarından istifadəyə böyük əhəmiyyət verir. Parlamentimiz xarici ölkələrin qanunvericilik orqanları ilə əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında çoxsaylı sazişlər bağlamışdır.

Hesab edirəm ki, ölkələrimizin ali qanunvericilik orqanları Türkdilli Ölkələrin Parlament Assambleyasında əməkdaşlıq etməklə yanaşı, ikitərəfli parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinə də xüsusi diqqət yetirməlidirlər. İkitərəfli əlaqələrimizin güclənməsi isə Parlament Assambleyamızın möhkəmlənməsində və fəaliyyətində mühüm rol oynaya bilər. Demək istəyirəm ki, bu iki proses yanaşı getməli və bir-birini üzvi şəkildə tamamlamalıdır.

Azərbaycan Respublikasının Milli Məclisi üzv olduğu parlament təşkilatlarının verdiyi imkanlardan istifadə edərək beynəlxalq birliyin diqqətini dövlətimiz üçün vacib problemlərin həllinə cəlb etməyə çalışır. Qeyd edə bilərəm ki, bu yolda uğurlarımız az deyildir. BMT-nin Baş Məclisi, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, İslam Konfransı Təşkilatının Parlament Məclisi kimi nüfuzlu parlament təşkilatları Azərbaycanın ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dövlətimizin haqlı mövqeyini dəstəkləyən sənədlər qəbul etmişlər.

İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərin qanunvericilik orqanları öz qətnamələrində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, problemin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsinin zəruriliyini göstərmişlər. Bir sıra ölkələrin parlamentlərinin də bu səpkidə qərarlar qəbul etməsi gözlənilir.

Fürsətdən istifadə edərək, beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məsələlərin müzakirəsində nümayəndə heyətimizi dəstəkləyən bütün ölkələrin, o cümlədən türkdilli dövlətlərin təmsilçilərinə bir daha təşəkkürümüzü bildirirəm. İlk növbədə qardaş Türkiyəyə minnətdarıq ki, həmişə Azərbaycanın yanında olmuş, bütün beynəlxalq təşkilatlarda Azərbaycana dəstək vermiş, qardaş köməyini heç zaman əsirgəməmişdir. Qardaş türkdilli dövlətlərin bu sahədə səylərini artırmasını gözləyirik.

Hörmətli həmkarlar,

Şübhə yoxdur ki, ölkələrimizin parlamentlərarası əməkdaşlıq sahəsində topladıqları zəngin təcrübə Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinin səmərəli şəkildə qurulmasına kömək göstərir. Artıq ilk nailiyyətlərimiz vardır. Dünən söylədiyim kimi, TürkPA Parlamentlərarası İttifaqda və İslam Konfransı Təşkilatının Parlament Assambleyasında müşahidəçi statusu almış, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti, MDB-nin Parlamentlərarası Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi kimi nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurmuşdur.

Hesab edirəm ki, Türkdilli Ölkələrin Parlament Assambleyası bu istiqamətdə həyata keçirilən işlərə diqqəti daha da artırmalıdır. Təşkilatımızın beynəlxalq nüfuzunun yüksəlməsi, sayılıb-seçilən parlament təşkilatları sırasına qoşulması ümumi problemlərinizin dünya birliyinə çatdırılması işinə kömək göstərə bilər.

Əziz dostlar,

Hörmətli həmkarlar,

Xanımlar və cənablar,

Türk dünyası nəhəng bir dənizi xatırladır. Amma dənizi ayrı-ayrı hissələrə bölsək, yerdə nə qalar? Bizim gücümüz bizim birliyimizdədir.

Türk xalqlarının böyük şəxsiyyətlərindən olan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev türkdilli xalqlar arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərinə müstəsna əhəmiyyət verirdi. Türk xalqlarının digər bir böyük şəxsiyyəti Turqut Özal XXI əsrin türk əsri olacağına qəlbən inanırdı. Mən də buna inanıram. Bu ideyanın gerçəklikdən qaynaqlandığına ən parlaq sübutlardan biri bizim burada birlikdə olmağımız, ölkələrimizin parlamentləri arasında iş birliyi məsələlərini qardaşcasına müzakirə etməyimizdir.

Sözümün sonunda icazə verin, mötəbər toplantımızın işinə uğurlar, xalqlarımıza sülh, tərəqqi və firavanlıq arzulayım.

Diqqətinizə görə təşəkkür edirəm.