Sunday, 17 November 2019, 07:17:16 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş katibi cənab Ramil Həsənovun çıxışı

Hörmətli cənab Ural Muxamedjanov, cənab Oqtay Əsədov, cənab Axmetbek Keldibekov, cənab Mehmet Ali Şahin!

2006-cı ildə Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayev Türkdilli Ölkələrin Dövlət Başçılarının VIII Sammitində TÜRKPA-nın yaradılması ideyası ilə çıxış etmişdir.

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) 2008-ci il noyabrın 21-də Türkiyə Respublikasının Prezidenti cənab Abdullah Gülün ev sahibliyində İstanbulda Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının parlament rəhbərlərinin imzalamış olduğu İstanbul Sazişi ilə təsis olunmuşdur.

TÜRKPA Katibliyi faktiki olaraq 2010-cu il yanvarın 15-dən fəaliyyətə başlamışdır. 2010-cü il may ayının 24-də Azərbaycan, Qazaxıstan və Türkiyə Parlamentarilərinin və həmçinin Bakıdakı səfirlərinin iştirakı ilə TÜRKPA Beynəlxalq Katibliyinin Azərbaycan Respublikasının Milli Məclisində yerləşən ofisinin rəsmi açılış mərasimi keçirilmişdir.

2010-cu il martın 30-da Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Xarici İşlər Naziri və TÜRKPA Baş katibi arasında “Yerləşmə Haqqında Saziş” imzalanmışdır. Həmin Saziş müvafiq qanunvericiliyə əsasən 2010-cu il aprelin 20-də Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisin qəbul etdiyi Sazişi təsdiq etmiş və bununla da Saziş Azərbaycan Respublikasının Qanunu olaraq qüvvəyə minmişdir.

TÜRKPA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən, beynəlxalq təşkilat - diplomatik missiya statusuna malik olan qurumdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişi ilə TÜRKPA Katibliyinin fəaliyyəti üçün bütün şərait yaradılmışdır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən TÜRKPA Katibliyini yüksək səviyyədə lazımi avadanlıqlarla təmin edilmiş, əməkdaşların rahat çalışması üçün bütün imkanlar yaradılmışdır.

Katiblik fəaliyyət göstərdiyi qısa müddət ərzində bir çox uğurlara imza atmışdır. Beynəlxalq əməkdaşlıq çərçivəsində Assambleya ATƏT PA, NATO PA, Avropa Parlamenti, Asiya Ölkələrinin Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası (MDB PAA), İslam Konfransı Təşkilatı Parlament İttifaqı (İKT Pİ), Beynəlxalq Parlamentlər Birliyi, Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (CİCA), Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (TÜRKKON), TÜRKSOY və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, qarşılıqlı fəaliyyət, müşahidəçi statusunun alınması ilə bağlı fəaliyyətini davam etdirməkdədir. Qeyd edək ki, yuxarıda sadaladığımız bütün beynəlxalq təşkilatlarda TÜRKPA üzv dövlətlərin parlamentləri – tam hüquqlu üzv, müşahidəçi, qonaq qismində təmsil olunmaqdadır.

TÜRKPA Baş katibi Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiasiyasına (ASGP) assosiativ üzv qəbul edilmiş, 155 dövlətin parlamentini birləşdirən dünyanın ən böyük beynəlxalq parlament quruluşu olan Beynəlxalq Parlamentlər Birliyinə (İPU), İslam Konfransı Təşkilatı Parlament İttifaqına (İKT Pİ) müşahidəçi statusu ilə üzv olmuşdur. ATƏT PA-dakı Türkiyə deputatları qrupunun (Qazaxıstan və Azərbaycan qrupunun dəstəyi ilə) səmərəli fəaliyyəti nəticəsində nüfuzlu beynəlxalq quruluşlardan biri olan ATƏT PA-da TÜRKPA-ya xüsusi qonaq statusu ilə iştirak etmək hüququ verilmişdir. Vurğulamaq lazımdır ki, BMT-nin alt parlament qolu olan Beynəlxalq Parlamentlər Birliyində (İPU) müşahidəçi olaraq üzv qəbul edilmək, BMT nəzdində beynəlxalq parlament təşkilatı olaraq akkreditasiyadan keçmək, tanınmaq mənasına gəlir. Bu TÜRKPA-nın beynəlxalq arenada addım-addım tanınmasının, nüfüzunun artmasının nümünəsi kimi qəbul edilə bilər.

TÜRKPA-nın digər beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığı inkişaf etməkdədir. TÜRKPA Avropa Parlamenti ilə də sıx əməkdaşlıq edir. TÜRKPA Beynəlxalq Katibliyinin bir qrup əməkdaşı 8-13 noyabr 2010-cu il tarixlərində Avropa Parlamentinin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində yerləşən ofisində mübadilə proqramında iştirak etmişdir. Avropa Parlamenti tərəfindən TÜRKPA Katibliyinin əməkdaşları üçün xüsusi proqram hazırlanmış və parlamentin fəaliyyəti ilə yaxından tanış olmalarına imkan yaradılmışdır. Bu proses davam etməkdədir.

TÜRKPA Katibliyinin bir qrup əməkdaşı 14-16 noyabr 2010-cu il tarixlərində ATƏT PA-nın dəvəti ilə qurumun Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində yerləşən ofisində və səfər çərçivəsində Skandinav Ölkələri Şurasının (Nordic Council) ofisində də mübadilə proqramında iştirak etmişdir.

Keçən dövr ərzində TÜRKPA Katibliyi, Baş katib və millət vəkillərindən ibarət nümayəndə heyətləri TÜRKPA-nın Katibliyinin Əsasnaməsinin 3-cü maddəsinin 3.3.3 və 3.3.4 yarımbəndləri göstərildiyi səlahiyyətlərə müvafiq olaraq bir çox beynəlxalq toplantılarda TÜRKPA-nı təmsil etmişdir. Beynəlxalq nümayəndə heyətinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 35-ci plenar sessiyasında, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) “Trans-Asiya Parlament Forumunda”, Beynəlxalq Parlamentlər İttifaqının (İPU) 123-cü plenar sessiyasında, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) III zirvə toplantısında, Cənub-Şərqi Avropa Ölkələri Parlamentlərinin VIII Beynəlxalq Əməkdaşlıq konfransında, İslam Konfransı Təşkilatının “Cənub-Şərqi Avropada sabitlik və əməkdaşlıq naminə” beynəlxalq konfransında, “Dialoq Avrasiya Platforması" beynəlxalq təşkilatının Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Nəsillər və mədəniyyətlərarası dialoq" adlı beynəlxalq konfransında, III Astana İqtisadi Forumunda, BMT nəzdində fəaliyyət göstərən Beynəlxalq Parlament Baş Katibləri Assosasiyasının (ASGP) 123-cü plenar sessiyasında, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PAA) və Qazaxıstan Parlamentinin təşkil etdiyi "ATƏT və MDB: yeni imkanlar və perspektivlər" adlı beynəlxalq konfransda, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PAA) 35-ci plenar sessiyasında, İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKT Pİ) 13-cü plenar sessiyasında və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasında, Beynəlxalq Parlament Baş Katibləri Assosasiyasının (ASGP) 124-cü plenar sessiyasında və Panamada keçirilmiş Beynəlxalq Parlamentlər İttifaqının (İPU) 124-cü plenar sessiyasında iştirakı da assambleyanın parlamentlərarası əlaqələrin qurulmasına, genişlənməsinə və beynəlxalq aləmdə nüfuzlu beynəlxalq təşkilatlar sırasında olacağına müsbət təsir göstərən amillərdəndir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə millət vəkillərinin TÜRKPA-nın adından bir çox beynəlxalq tədbirlərdə, konfranslarda, seçki müşahidələrində iştirakı təşkilatın məqsəd və hədəflərinə uyğun fəaliyyətinin bariz nümünəsidir.

TÜRKPA Avropa və Asiyada mövcud olan beynəlxalq təşkilatlar kimi regionda və beynəlxalq münasibətlər sistemində sülhün, təhlükəsizliyin və dostluğun möhkəmləndirilməsi üçün parlament diplomatiyasından istifadə etməkdədir. Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsində din, dil, irqə fərq qoymayan, beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərən belə bir beynəlxalq parlament təşkilatının yaranması region, həmçinin Avropa və Asiya ölkələri üçün siyasi və iqtisadi cəhətdən çox böyük əhəmiyyət kəsb edir.

Fəaliyyətimiz çərçivəsində, Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oqtay Əsədovla, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mehmet Əli Şahin ilə, Qazaxıstan Parlamenti Senatının sədri cənab Kasım Jomart Tokayev ilə və Qazaxıstan Parlamenti Məclisinin sədri cənab Ural Muxamedcanov ilə, Qırğızıstan Parlamentinin rəhbərliyi və Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov, Qazaxıstan Respublikasının dövlət katibi - xarici işlər naziri cənab Kanat Saudobayev, Qırğızıstan Respublikasının xarici işlər naziri cənab Ruslan Kazakbayev, Türkiyə Respublikasının xarici işlər naziri cənab Ahmet Davutoğlu ilə də keçirilən görüşlər TÜRKPA-ya üzv dövlətlərinin parlament rəhbərlərinin və xarici siyasət idarələrinin rəhbərlərinin qurumun beynəlxalq əlaqələrinin güclənməsinə verilən dəstəyin göstəricisi olmuşdur.

TÜRKPA-nın Beynəlxalq Katibliyi həmçinin qurucu üzv ölkələrin Bakıdakı diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlıq edir və Qazaxıstan Respublikasının, Türkiyə Respublikasının Bakıdakı səfirləri ilə daima məsləhətləşmələr çərçivəsində fəaliyyət göstərir.

TÜRKPA Katibliyi olaraq belə bir ənənə başlatmışıq ki, Katibliyin nümayəndə heyətlərinin xaricə səfərləri zamanı TÜRKPA-ya sədrlik edən ölkənin diplomatik missiyası nümayəndə heyətinin qarşılanması, səfər çərçivəsində müşahidə olunması kimi məsələlərə köməklik göstərməkdədir. Hazırda Azərbaycan Respublikasının Xarici İşlər Naziriliyi ilə bu istiqamətdə çox sıx əməkdaşlıq etməkdəyik. Bu baxımdan gələcəkdə digər üzv dövlətlərin Xarici İşlər Nazirikilərinin bu prosesə dəstək vermələrini arzu etməkdəyik.

TÜRKPA-nın qurulmasında dost və qardaş Qırğızıstan Respublikası və parlamenti iştirak etsədə, təəssüf ki, 2010-cu ilin aprel ayında baş vermiş məlum hadisələrdən sonra Qırğızıstan Parlamenti buraxıldığı üçün fəaliyyətinə fasilə vermişdir. Bunlara baxmayaraq TÜRKPA Beynəlxalq Katibliyi bütün beynəlxalq tədbirlər , lahiyələr və fəaliyyətində digər üzv dövlətlər kimi Qırğızıstan Respublikasınında mənafeyini öz mənafeyi olaraq hesab etmiş və müdafiə etmişdir. Sevinirik ki, qardaş Qırğızıstan xalqı bütün çətinliklərdən uğurla çıxmağa başlamış və Qırğızıstan Parlamenti TÜRKPA-dakı aktiv fəaliyyətini bərba etmişdir.

TÜRKPA Beynəlxalq Katibliyi İstanbul Sazişinin 2-ci maddəsinə əsaslanaraq üzv dövlətlərin parlament əməkdaşları arasında təcrübə mübadiləsi proqramı həyata keçirmişdir. 2010-cu ilin iyul ayının əvvəlində Azərbaycan parlament üzvlərinin TBMM-ə, 2010-cu ilin oktyabr ayında TBMM əməkdaşlarının Azərbaycan parlamentinə səfərləri və Qazaxıstan parlament əməkdaşlarının 2010-cu ilin noyabr ayında TBMM-ə səfərləri parlament Assambleyasının İstanbul Sazişinin maddələrində təsbit olunmuş hədəfləri və məqsədləri istiqamətində həyata keçirilmişdir.

Fəaliyyəti çərçivəsində TÜRKPA iki beynəlxalq konfransın keçirilməsinə nail olmuşdur. Türkiyə-Azərbaycan, Qazaxıstan parlamentlərarası dostluq əlaqələrinin inkişafı çərçivəsində TBMM-in 90-cı ildönümü münasibətilə 24 may 2010-cü il tarixində keçirilən “Parlament Diplomatiyası-TÜRKPA” adlı beynəlxalq konfransda Azrəbaycan və Türkiyə parlamentlərinin vitse spikerləri, Qazaxıstan parlamentinin millət vəkili, Qazaxıstan və Türkiyənin Azərbaycandakı səfirləri və Azərbaycanda akkreditasiya olunmuş bir çox beynəlxalq təşkilatların nümayəndələri iştirak və çıxışlar etmişdilər. 21 sentyabr 2010-cu ildə Bakı Dövlət Universitetində keçirilən "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası" adlı beynəlxalq konfransda TÜRKPA-ya üzv ölkələrin parlament aparatlarının rəhbərləri, Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik korpus nümayəndələri, millət vəkilləri iştirak və məruzə etmişdilər.

TÜRKPA-nın fəaliyyətinin daha da geniş işıqlandırılması məqsədilə 25 avqust 2010-cu ildə TÜRKPA-nın internet saytının rəsmi açılış mərasimi keçirilmişdir. Sayt hal-hazırda fəaliyyətini yüksək səviyyədə davam etdirməkdədir. Saytın bölmələrində TÜRKPA haqqında, təşkilatın strukturu, yaranma tarixi, üzvləri və fəaliyyəti barədə müvafiq məlumatlar yerləşdirilmişdir.

TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndə heyəti 15-16 sentyabr 2010-cu il tarixlərində İstanbulda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Görüşündə iştirak etmişdir. Toplantıda TÜRKPA-nın Baş katibi dövlət başçılarına TÜRKPA-nın fəaliyyəti ilə bağlı geniş məlumat verilmişdir. Sevindirici haldır ki, Azərbaycan, Qazaxıstan və Türkiyə prezidentləri TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirmiş və bu, dövlət başçıları tərəfindən imzalanmış İstanbul Sazişinin 18-ci maddəsində öz əksini tapmışdır.

Eyni zamanda TÜRKPA seçki müşahidəçiliyi sahəsində də ciddi təcrübə toplaya bilmiş, Qırğızıstanda və Azərbaycanda keçirilmiş parlament seçkilərini və Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkilərini beynəlxalq müşahidəçi missiyası olaraq müşahidə etmişdir. Seçkilərlə bağlı geniş məlumatı ayrıca olaraq tərəfimdən Sizə məruzə ediləcəkdir.

TÜRKPA-nın BMT-nin Baş Assambleyasında müşahidəçi statusu ilə üzv olması ilə bağlı proses davam etməkdədir. BMT-nin daxili proseduruna uyğun olaraq TÜRKPA Katibliyinin yerləşdiyi ölkə olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinidən bununla əlaqədar BMT-yə rəsmi müraciət məktubu ünvanlanmış, Qazaxıstan, Qırğızıstan və Türkiyə Xarici İşlər Nazirliklərinə məsələ ilə bağlı köməklik göstərilməsi məqsədilə Katiblik tərəfindən rəsmi nota göndərilmişdir.

Astana sessiyasında yeni daimi komissiyaların yaradılmasının TÜRKPA-nın bir beynəlxalq təşkilat olaraq təkmilləşməsində, fəaliyyətinin genişlənməsində və tam formalaşmasında böyük bir impuls olacağına inandığımızı bildirmək istəyirəm.

İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKT Pİ) kimi dünyanın öndə gələn beynəlxalq parlament təşkilatının TÜRKPA-da müşahidəçi statusu ilə üzv olması ilə bağlı müraciəti də təşkilatımızın regionda və beynəlxalq münasibətlər sistemində uğurlu fəaliyyətinin başqa bir nümünəsidir.

Gələcəkdə digər qardaş Türkdilli dövlətlərin də dostluq və barış evi olan TÜRKPA-ya üzv olması hər birimizin arzusudur.

Xüsusilə qeyd etmək isyərəm ki, TÜRKPA Katibliyi tərəfindən keçirilmiş iki beynəlxalq konfransın, 2010-ci ili nəticələri ilə bağlı 5 dildə çap olunmuş TÜRKPA jurnalının bütün xərcləri TÜRKPA Katibliyinin büdcəsində yetərincə vəsait olmadığı üçün Katibliyin xahişi əsasında TÜRKPA-nın fəaliyyətdə olmuş sədri, Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oqtay Əsədovun xüsusi göstərişi ilə Azərbaycan Parlamenti tərəfindən ödənilmişdir.

İqtisadi və siyasi cəhətdən güclü söz sahibi olan üzv dövlətlərin 2012-ci ilin büdcəsini müzakirə edərkən qarşılaşdığımız bu çətinlikləri nəzərə alaçağından əminliyimi ifadə etmək istəyirəm.

TÜRKPA parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə, türkdilli ölkələr və digər region ölkələr arasında qarşılıqlı-faydalı və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə köməklik göstərmək istiqamətində fəaliyyətləri davam etdirir.

Ümid edirik ki, TÜRKPA-nın beynəlxalq imicinin yüksəldilməsi, belə bir beynəlxalq parlament təşkilatının regionda və dünyada söz sahibi olması, beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tuta bilməsi məqsədilə həyata keçiriləcək gələcək fəaliyyətində üzv dövlətlərin parlamentlərinin və xarici siyasət idarələrinin məsləhətlərini, tövsiyələrini, təbii ki, dəstəklərini hiss edəcəyik.

Türk dünyasının birliyi, gələcək inkişafı naminə danılmaz xidmətləri olan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, Azərbaycan Respublikasının Milli Lideri Heydər Əliyevi və bu yolda fəaliyyət göstərmiş, bü gün aramızda olmayan böyüklərimizi hörmətlə yad etmək istəyirəm.

Çıxışımın sonunda bizə göstərdikləri bütün dəstəyə görə ev sahibi Qazaxıstan Respublikasının Parlament Məclisinin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Ural Muxamedjanova, həmçinin bir il yarım ərzində TÜRKPA-ya sədrlik etmiş Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oqtay Əsədova bizə göstərmiş olduğu xüsusi diqqət və qayğıya görə, eyni zamanda Qırğızıstan Parlamentinin sədri cənab Axmetbek Keldibekova və Türkiyə Parlamentlərinin sədri cənab Mehmet Ali Şahinə də hərtərəfli dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm.

Diqqətinizə görə minnətdaram!