Monday, 14 October 2019, 19:19:50 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

“TÜRKPA üzv ölkələri son 25 ildə” mövzusunda beynəlxalq konfrans

24 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Milli Məclisində Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının “TÜRKPA üzv ölkələri son 25 ildə” adlı beynəlxalq konfransı keçirilmişdir.

Konfransda TÜRKPA-nın üzv ölkələrinin parlamentariləri, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Bakıdakı səfirləri, eyni zamanda Türk əməkdaşlıq institutlarının və Beynəlxalq Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyi, Türk Dünyası Memarlar və Mühəndislər Birliyi kimi oxşar qurumların nümayəndələri də iştirak etmişdir.

Tədbirdə türkdilli ölkələrin son 25 ildə əldə etdiyi nailiyyətlər, həmçinin Türk dünyası ölkələri arasında sosial, iqtisadi və mədəni əlaqələrin perspektivlərinə dair müzakirələr aparılmışdır.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini cənab Ziyafət Əsgərov Azərbaycanın müstəqillik tarixi barədə ətraflı məlumat vermiş, ölkənin son 25 ildə əldə etdiyi nailiyyətlərdən danışmışdır.

O, konfransın türkdilli ölkələrin müstəqillik tarixinə nəzər salmaq üçün önəmli bir tədbir olduğunu iştirakçıların nəzərinə çatdırmışdır.

“Bildiyiniz kimi, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev türkdilli xalqlar arasında əlaqələrin inkişafına xüsusi önəm vermişdir” - deyə cənab Ziyafət Əsgərov vurğulamışdır.

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay xanım Əfəndiyeva iştirakçılara Fondun məqsəd və vəzifələri haqqında məlumat vermiş, müstəqillik dövründə türkdilli ölkələr arasında mədəni əlaqələrin inkişafı məsələlərindən danışmışdır.

Qazaxıstanın Azərbaycandakı səfiri cənab Beybit İsabayev, Qırğızıstanın Azərbaycandakı səfiri cənab Aycigit Buranov və Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral konfransda çıxış etmiş, türkdilli dövlətlər arasında çoxtərəfli və ikitərəfli əməkdaşlığın əsas aspektlərinə dair müzakirələr aparmışdır.

Azərbaycan Respublikası Parlamentinin üzvü cənab Nizami Cəfərov, Qırğızıstan Respublikası Parlamentinin üzvü cənab Müzəffər İsakov, Türkiyə Respublikası Parlamentinin üzvü cənab Feyzullah Kıyıklık türkdilli ölkələrin son 25 ildə əldə etdiyi nailiyyətlərdən danışmış, Azərbaycan, Qazaxıstan və Qırğısıztanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, Türkiyənin bu dövlətlərin milli müstəqilliyinin gücləndirilməsinə və onların gələcək inkşafına verdiyi dəstəyi xüsusi olaraq vurğulamışdır.

Tədbirin sonunda Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunmuş və tanınmış Azərbaycanlı rəssamların Azərbaycan və Türkiyənin tarixi yerlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgisi keçirilmişdir.

Konfrans Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə bu il TÜRKPA tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində keçirilmişdir.