Wednesday, 11 December 2019, 17:19:54 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA-nın illik fəaliyyətinə dair mətbuat konfrası

2010-cu il dekabrın 23-də Türkdilli Ölkələrin Parlament Assambleyasının illik fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfrası keçirildi. Konfrasda TÜRKPA-nın baş katibi Ramil Həsənov çıxış edərək iştirakçılara təşkilatın fəaliyyəti haqqında geniş məlumat verdi. TÜRKPA-nın türkdilli ölkələr arasında dostluq körpüsü olduğunu bildirən baş katib Ramil Həsənov qurumun, eyni zamanda, türkdilli ölkələrin parlamentləri ilə beynəlxalq qurumlar arasında da münasibətlərin inkişafı istiqamətində mühüm işlər gördüyünü bildirdi.

Mətbuat konfransında qeyd edildi ki, keçən dövr ərzində TÜRKPA Beynəlxalq Katibliyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (ATƏT PA), Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlament Assambleyası (MDB PAA), İslam Konfransı Təşkilatı Parlament Assambleyası (İKT PA), Beynəlxalq Parlamentlər Birliyi (İPU), Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiasiyası (ASGP), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA) kimi nüfuzlu beynəlxalq təşkilatlarla və Rusiya Federasiyası Parlamentinin Federasiya Şurası ilə əməkdaşlıq qurmuş, TÜRKPA baş katibi Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiasiyasına (ASGP) üzv qəbul edilmişdir. Bununla yanaşı, TÜRKPA 155 dövlətin parlamentini birləşdirən dünyanın ən böyük beynəlxalq parlament quruluşu olan Beynəlxalq Parlamentlər Birliyinə (İPU) müşahidəçi statusu ilə üzv olmuşdur. Hazırda digər təşkilatların fəaliyyətində iştirakla bağlı işlərin aparıldığı qeyd olundu.

Ramil Həsənov bildirdi ki, TÜRKPA-nın əlaqələrinin qurulması bir neçə istiqamətdə aparılır: yeni əlaqələrin qurulması, qurulmuş əlaqələrin inkişaf etdirilməsi, əlaqə qurulan təşkilatların tədbirlərində və layihələrində yaxından iştirak etmək, beynəlxalq qurumlarda müşahidəçi, qonaq statusu almaq. Eyni zamanda, qarşılıqlı əlaqələrin inkişafı istiqamətində əməkdaşlıqlar qurulan təşkilatların, qonşu dövlətlərin parlamentlərinin gələcəkdə qonaq, müşahidəçi qismində üzv qəbul edilməsinin istisna edilmədiyi və bununla əlaqədar olaraq Katibliyə bir neçə müraciət daxil olduğu bildirildi. Həmçinin Assambleya Şurasının fəaliyyətdə olan sədrinin təlimatları istiqamətində bir çox beynəlxalq toplantılarda TÜRKPA beynəlxalq nümayəndə heyəti təmsil olunmuşdur.

Baş katib Azərbaycan Respublikası Milli Məclisinin dəstəyi və TÜRKPA-nın təşəbbüsü ilə 2010-cu il mayın 24-də "Parlament diplomatiyası - TÜRKPA" və 2010-cu il sentyabrın 21-də keçirilən "Dövlətlərarası əlaqələrin inkişaf prosesində parlament demokratiyası" adlı beynəlxalq konfranslar haqqında da məlumat verdi.

TÜRKPA Beynəlxalq Katibliyi əlaqələrin inkişafı, qanunların hazırlanmasında ortaq iştirakı, parlamentin xarici əlaqələrinin genişlənməsi, daimi komitə və komissiyalarla iş kimi mövzularla bağlı olaraq üzv dövlətlərin parlament əməkdaşları arasında təcrübə mübadiləsi proqramı həyata keçirmişdir. 2010-cu ilin iyul ayının əvvəlində Azərbaycan parlament üzvlərinin TBMM-ə, 2010-cu ilin oktyabr ayında TBMM əməkdaşlarının Azərbaycan parlamentinə səfərləri və Qazaxıstan parlament əməkdaşlarının 2010-cu ilin noyabr ayında TBMM-ə səfərləri TÜRKPA-nın İstanbul Sazişinin maddələrində təsbit olunmuş hədəfləri və məqsədləri istiqamətində həyata keçirilmişdir.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində TÜRKPA Beynəlxalq Katibliyinin bir qrup əməkdaşı Avropa Parlamentinin Parlament Demokratiyasının İnkişafı İdarəsinin (OPPD) dəvəti ilə 2010-cu il 8-13 noyabr tarixlərində Avropa Parlamentinə və 2010-cu il 14-16 noyabr tarixlərində ATƏT PA-ya səfər etmiş, mübadilə proqramında iştirak etmişlər. Tədbirdə TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının 2010-cu ildə Qırğızıstanda və Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməsi, seçkilərin nəticələri ilə bağlı rəsmi açıqlama verməsi də bildirildi.

Baş katib qeyd etdi ki, gələcəkdə TÜRKPA bütün türkdilli dövlətlərin ortaq qurumuna çevrilə bilər. TÜRKPA-ya üzv dövlətlər ədliyyə, hüquq, gömrük sahəsində ortaq qərar qəbul edə bilərlər.

TÜRKPA-nın II plenar iclasının 2011-ci ildə Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilməsi nəzərdə tutulur. Assambleyaya sədrlik Azərbaycandan Qazaxıstana keçəcəkdir. Planlaşdırılan Astana toplantısında TÜRKPA tərkibində humanitar, sosial məsələlərin, ticarət, iqtisadi və enerji məsələlərinin, hüquq, beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq üzrə daimi komitələrin yaradılmasının, iş formatını genişləndirmək məqsədilə Katibliyin Nizamnaməsinə və Əsasnaməsinə əlavə və dəyişikliklər olunmasının nəzərdə tutulduğu da bildirildi.

2011-ci il TÜRKPA tərəfindən gələcək fəaliyyətlər çərçivəsində Dünya Türkdilli Parlamentarilərinin I Forumunun, Türkdilli Ölkələrin Gənclər Forumunun, "TÜRKPA - parlamentlərarası əməkdaşlıq üçün yeni mərhələ" adlı beynəlxalq konfransın, TÜRKPA-nın qurucu dövlətlərindən olan Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliklərinin elan edilməsinin 20-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılır. Bunlardan başqa üzv dövlətlərin Konstitusiyalarının TÜRKPA-nın rəsmi dilləri olan 4 dilə tərcümə olunaraq kitab şəklində nəşri, üzv dövlətlərin millət vəkillərinin qarşılıqlı mübadilə proqramının təşkili və türkdilli dövlətlərin inkişafına yönəlmiş digər layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, 2011-ci ildən qurumun BMT-də qeydiyyatdan keçirilməsi istiqamətində işə başlanılacaqdır. Tədbirdə qeyd edildi ki,TÜRKPA Özbəkistan və Türkmənistanın da təşkilatın sıralarına qoşulmasından məmnun olacağını hər zaman bəyan edir.

Tədbirin sonunda TÜRKPA-nın illik fəaliyyəti ilə bağlı 5 dildə çap olunmuş hesabat nəşri konfrans iştirakçılarına təqdim edildi.