Tuesday, 11 August 2020, 19:59:49 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Gənc parlamentarilərin birinci toplantısı

27 noyabr 2019-cu il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində Qazaxıstan Respublikası Parlamenti Məclisi ilə TÜRKPA-nın birgə təşkilatçılığı ilə “Gənclərin dəyərləri və parlament həmrəyliyi” mövzusunda gənc parlamentarilərin birinci toplantısı keçirilmişdir.

Qazaxıstan Parlamenti Məclisinin Aqrar məsələlər komitəsinin sədri və TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının sədri cənab Berik Ospanovun moderatorluq etdiyi toplantıda TÜRKPA üzv ölkələrinin parlamentariləri, eləcə də Qazaxıstan dövlət orqanlarının nümayəndələri bir araya gəlmişdir.

TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov açılış nitqində gəncləri ölkələr arasında müxtəlif əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına töhfə verən, parlamentarizm və parlamentlərarası əlaqələrin hərəkətverici qüvvəsi olaraq qiymətləndirmişdir. Cənab Mamayusupov toplantını gənclər siyasəti ilə bağlı türkdilli ölkələrin ortaq konsepsiyasının formalaşması yolunda ilk addım kimi qeyd etmiş və tədbirin gənc parlamentarilər arasında ideya və fikir mübadiləsi üçün fürsət yaradacağına ümid etdiyini bildirmişdir.

Toplantı digər iştirakçıların çıxışları ilə davam etmiş və gənc parlamentarilərin yekun sənədinin qəbulu ilə başa çatmışdır.