Tuesday, 11 August 2020, 20:22:18 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Çingiz Aytmatovun Dostlarının Görüşü

15 may, 2018-ci ildə TÜRKPA Katibliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə məşhur qırğız yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun anadan olmasının 90-cı ildönümünə həsr edilmiş tədbir təşkil etmişdir.

Tədbir parlamentarilər, diplomatik xidmət nümayəndələri, məşhur yazıçılar və sağlığında Çingiz Aytmatovla tanış münasibətdə olmuş digər ictimai xadimləri bir araya gətirmişdir. Katiblik tərəfindən təşkil edilmiş fotosərgidən sonra Baş katib Altınbek Mamayusupov tədbirdə açılış nitqi ilə çıxış etmiş, daha sonra isə Azərbaycan Yazıçılar Birliyinin Sədri Anar Rzayev çıxış etmişdir.

Tədbirin əhəmiyyətindən danışaraq Baş katib, həmçinin Çingiz Aytmatovun Azərbaycanın böyük dostu olduğunu, keçmiş Sovet respublikaları ərazisində yaşamış xalqların ən sevimli yazıçısı kimi tanındığını və əsərlərinin 76 dilə tərcümə olunduğunu bildirmişdir. O cümlədən, cənab Mamayusupov Çingiz Aytmatovun Azərbaycanda keçirilmiş bir çox beynəlxalq forumlarda fəxri qonaq olduğunu, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdüyünü və onun dəfələrlə Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işləri Türk dünyasının böyük nailiyyəti kimi qiymətləndirdiyini diqqətə çatdırmışdır.

Qırğız mədəniyyətindən söhbət açan cənab Anar Rzayev Çingiz Aytmatovu bu mədəniyyətin dünyaya bəxş etdiyi ən yüksək dəyərlərdən biri kimi qiymətləndirmişdir. Cənab Rzayev Çingiz Aytmatovun cəmiyyətin mənəvi və etik dəyərləri üzərində böyük təsiri olan ən məşhur əsərlərini qeyd etmişdir.

Daha sonra tədbir Çingiz Aytmatovun həyatı və ədəbi irsi haqqında videonun nümayişi ilə davam etmişdir.

Tədbirdə Qırğızıstan Respublikasının Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Bakıt Usupov, Milli Məclis üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti cənab İsa Həbibbəyli, Türk Mədəniyyət və Miras Fondunun Prezidenti Günay xanım Əfəndiyeva, Türkiyənin Azərbaycandakı Səfiri cənab Erkan Özoral, Milli Məclis üzvü, Azərbaycan-Qırğızıstan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Musa Quliyev, şair, filoloq cənab Sabir Rüstəmxanlı və digər qonaqlar çıxış etmişdir.

Çingiz Aytmatovun oğlu cənab Askar Aytmatov atasının xatirəsinə göstərilən hörmət üçün minnətdarlığını bildirmiş və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür etmişdir. Həmçinin cənab Aytmatov yaradıcılıq fəaliyyətinin müxtəlif dövrlərində atası ilə bağlı bəzi xatirələrini bölüşmüşdür.

Tədbir Bakı küçələrindən birinin Çingiz Aytmatovun adı ilə adlandırılması və ona abidə qoyulması xahişi ilə tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciətin qəbul edilməsi ilə başa çatmışdır.