Monday, 14 October 2019, 19:20:21 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

"Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda Beynəlxalq Konfrans

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Türkiyə Böyük Millət Məclisi (TBMM), Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutunun dəstəyi ilə 14-16 oktyabr, 2012-ci ildə İstanbulda "Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu" mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən deputatlar, diplomatlar, Avropa Parlamentinin üzvləri, beynəlxalq və qeyri-hökumət təşkilatların təmsilçiləri iştirak etmişdir.

Forumun keçirilməsində məqsəd şəxsi münasibətlər və dialoqun yaradılması məqsədi ilə müxtəlif ölkələrdən gənc liderləri bir araya gətirmək, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri həmrəylik içərisində irəliyə aparmaq və bu işdə gənclərin rolunu artırmaq olmuşdur.

Forumun açılışında çıxış edən TÜRKPA-nın baş katibi Ramil Həsənov bildirmişdir ki, "Günümüzün regiondakı gənc liderləri gələcəyin liderləridir" devizi ilə təşkil olunan forum TÜRKPA-nın qardaş xalqlar arasında əlaqə və əməkdaşlığı inkişaf etdirməsi istiqamətində mühüm addımlarından biri olacaqdır. Bu tədbirdə iştirak edən gənclərin bir çoxu yaxın gələcəkdə dövlət idarəetmə orqanlarında işləyəcəkdir ki, bu da onların həmkarları ilə daha yaxından əməkdaşlıq etməsinə şərait yaradacaqdır.

Açılış mərasimindən sonra forum iştirakçıları müzakirələri "Perspektivlər və gənc liderlər", "Təcrübə mübadiləsi və dialoqun inkişafında müasir texnologiyaların rolu" bölmələrində davam etdirmişlər. Müzakirələrdə Türkiyə və Azərbaycan parlamentlərinin deputatları, o cümlədən, Litva, Serbiya, Bosniya-Herseqovina parlamentlərinin deputatları da iştirak etmişdir.

Tədbirin sonunda gənc liderlər tərəfindən ənənəvi və parlament diplomatiyasının ortaq fəaliyyəti ilə regionda sülhün və sabitliyin təmin edilməsi, münaqişələrin dinc yolla həlli, regionun dostluq və qardaşlıq evi olması ilə bağlı ortaq müraciətin qəbul edilməsi nəzərdə tutulmuşdur.

www.anl.az