Tuesday, 18 June 2019, 19:13:32 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının beşinci iclası

17 may 2016-cı il tarixində Türkiyə Böyük Millət Məclisinin evsahibliyində TÜRKPA-nın Hüquqi məsələlər və Beynəlxalq münasibətlər komissiyasının Beşinci iclası baş tutmuşdur. İclasa TBMM üzvü və Komissiyanın Sədri cənab Haluk İpek sədrlik etmişdir.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament üzvləri və ekspertlər iştirak etmişdir. “Kibercinayətkarlığa qarşı mübarizə: Üzv Ölkələr Arasında Hüquqi Çərçivənin və Əməkdaşlığın İnkişaf Etdirilməsi”, eləcə də TÜRKPA-nın maliyyə sənədlərinin, “GÖSTƏRDİYİ XİDMƏTLƏRƏ GÖRƏ” medalı üzrə Əsasnaməsinin və 18 mart 2016-cı il tarixində Ankarada keçirilmiş qanunvericiliyin uyğunlaşdırılmasına dair ikinci iclasın nəticələri müzakirə edilmişdir.

Komissiyasının iclasından sonra komissiya gündəliyinin bəndlərinin müzakirə edilməsi məqsədilə milli ekspertlərin iclası keçirilmişdir. Ekspertlər həmçinin qanunvericiliyin uyğunlaşdırılmasına dair ikinci iclasın yekun hesabatına müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisindən olan ekspertlər tərəfindən hazırlanmış və iclasda təqdim edilən turizm haqqında model qanunları nəzərdən keçirmişdir.

Parlament üzvləri ölkələrdə müşahidə edilən kibercinayətkarlıq məsələləri və bununla bağlı problemlərə toxunmuşdur. Qeyd edilmişdir ki, texnoloji inkişaf istənilən ölkə üçün yeni imkanlarla yanaşı yeni risk deməkdir.

İclasın sonunda 2016-cı ilin sentyabrında Assambleyanın Qırğızıstanda keçiriləcək 7-ci Plenar Sessiyasında təqdim edilməsi məqsədilə kibercinayətkarlığa dair hesabat və tövsiyə qərarı təsdiq edilmişdir.

İclas iştirakçıları elə həmin gün Türkiyə Böyük Millət Məclisinin Sədri cənab İsmayil Kahraman tərəfindən qəbul edilmişdir.

Komissiyanın növbəti iclasının Azərbaycanda keçirilməsi qərara alınmışdır.