Friday, 20 September 2019, 00:53:32 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının dördüncü iclası

29 aprel 2015-ci il tarixində Qırğızıstan Respublikasının Joqorku Keneşinin evsahibliyində TÜRKPA-nın Beynəlxalq əlaqələr və Hüquq komissiyasının Sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Haluk İpekin sədrliyi ilə Bişkekdə eyniadlı komissiyanın Dördüncü iclası keçirilmişdir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan nümayəndə heyətləri iclasda iştirak etmişdir. Üzv ölkələrdə seçki sistemi ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı, eləcə də Assambleyanın bu istiqamətdə fəaliyyətləri iclasın gündəliyinə daxil edilmişdir. Cənab İpək qeyd etmişdir ki, TÜRKPA müşahidəçi fəaliyyətinə 2010-cu ildən bəri başlamışdır və indiyə qədər müxtəlif seçki müşahidələri həyata keçirilmiş və hesabatlar dərc edilmişdir. Komissiyanın seçki müşahidələri ilə bağlı fəaliyyətlərinin əhəmiyyətini vurğulayan cənab İpek, bu iclasın milli seçki qanunvericiliyinin yaxşılaşdırılması, təcrübə mübadiləsi, həmçinin üzv ölkələrin yüksək seçki qurumlarının arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd etmişdir.

İclas çərçivəsində iştirakçılar böyük yazıçı Çingiz Aytmatovun dəfn edildiyi Ata-Beyit Anma kompleksini ziyarət etmişdir. Kommissiyanın növbəti iclasının Türkiyədə keçirilməsi qərara alınmışdır.