Tuesday, 18 June 2019, 18:43:34 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası

TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının 2-ci iclası 24 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin evsahibliyində keçirilmişdir. İştirakçılar iclasın gündəliyinin mövzusu olaraq “Qlobal iqlim dəyişiklikləri: TÜRKPA üzv ölkələri üçün səbəb və nəticələr” adlı mövzunu müzakirə etmişdir. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament üzvləri, eləcə də Türk əməkdaşlığı institutları və ortaq təşkilatların nümayəndələri iştirak etmişdir.

İclasa Komissiyanın Sədri və TÜRKPA –nın Azərbaycandan olan nümayəndə heyətinin üzvü cənab Əhliman Əmiraslanov sədrlik edirdi. Ə. Əmiraslanov çıxışında iqlim dəyişikliyinin bütün dünya ölkələrinə təsirini nəzərə alaraq məsələnin vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, TÜRKPA çərçivəsində iqlim dəyişikliyinə dair əməkdaşlıq Komissiyanın gündəliyində prioritet məsələdir və ekoloji problemlərə cəmiyyətlərin tez bir zamanda reaksiyasının zəruriliyini vurğulamışdır.

TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Feyzullah Kıyıklık vurğulamışdır ki, iqlim dəyişikliyi bütün dünyaya təsir etdiyinə görə üzv ölkələr bu qəbildən olan ekoloji problemlərin həlli üçün öz səylərini birləşdirməlidir. Cənab Kıyıklık yekun hesabatın ətraf mühit sahəsindən olan ekspertlərlə ətraflı şəkildə təkmilləşdirilməsini və onları TÜRKPA üzv ölkələrinin ali təhsil müəssisələrinə təqdim edilməsini təklif etmişdir.

Qırğızıstan Respublikası Jogorku Keneşinin üzvü cənab Müzəffər İsakov qloballaşan dünyada Türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır.

Parlament üzvləri üzv ölkələrdə iqlim dəyişikliyinə qarşı milli səviyyədə həyata keçirilən tədbirlər haqqında məlumat vermiş və bu sahədə birgə fəaliyyət perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.

Komissiya üzvləri həmçinin Ekologiya və Təbii sərvətlər Nazirinin müavini cənab Firdovsi Əliyev tərəfindən ətraf mühitin mühafizəsində Azərbaycanın milli siyasəti barədə məlumatlandırılmışdır. O qeyd etmişdir ki, Ekologiya və Təbii sərvətlər Nazirliyi 2001 ildə milli lider Heydər Əliyevin təşəbbüsü ilə müəyyən sahələrdə kompleks ekoloji siyasətin həyata keçirilməsi məqsədilə yaradılmışdır. Nazir müavini milli səviyyədə ətraf mühitin mühafizəsinə dair 45-ə yaxın qanunvericilik aktının qəbul edilməsi haqqında məlumat vermişdir. O bildirmişdir ki, müstəqilliyinin ilk illərində Azərbaycan ərazisinin 4.5 %-i mühafizə edilirdisə, bu gün bu göstərici meşə sahələrindən ibarət ərazilərin 10.5 % və 12 % -ni təşkil edir. Onun qeyd etdiyi kimi Azərbaycan meşələrin qırılmasının qarşısının alınması ilə ciddi məşğul olan ölkələrdəndir.

Komissiyanın hesabat məruzəsi və tövsiyə qərarını TÜRKPA-nın 7-ci Plenar İclasına təqdim edilməsi üçün təsdiq edilmişdir.

Komissiyanın növbəti 3-cü iclasının 2017-ci ildə Astanada keçirilməsi planlaşdırılır. Qazaxıstan Respublikası Parlamenti Məclisinin millət vəkili Aliya Saparovanın təklifi əsasında növbəti toplantı bərpa olunan enerji mənbələrinin və ekoloji təmiz texnologiyaların inkişafına həsr edilmiş Astana EXPO-2017 beynəlxalq sərgisi çərçivəsində keçiriləcək.