Friday, 20 September 2019, 01:12:12 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının altıncı iclası

27-28 sentyabr, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində Ankarada keçirilmiş TÜRKPA İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasında Azərbaycan, Qazaxıstan və Türkiyədən olan millət vəkilləri iştirak etmişdir. İclas gündəliyinin əsas maddəsi "TÜRKPA üzv ölkələrində innovativ sahibkarlıq perspektivləri" olmuşdur.

İclasa Komissiya sədri və Qazaxıstan Respublikası Parlament Məclisinin üzvü cənab Berik Ospanov sədrlik etmişdir. Öz çıxışında, cənab Ospanov kiçik və orta sahibkarlıq müəssisələrində innovasiyaların inkişaf etdirilməsi üzrə prioritetlərin müəyyənləşdirilməsi və TÜRKPA çərçivəsində müvafiq tövsiyələrin işlənib hazırlanması vasitəsilə iqtisadiyyat, vergi, elm və təhsil sahələrində üzv ölkələrin milli tənzimləyici çərçivəsinin yaxınlaşmasına olan ehtiyacı vurğulamışdır. Bundan əlavə, parlamentarilər innovativ sahibkarlıq sahəsində üzv ölkələr arasında əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

Komissiya 2018-ci ilin noyabr ayında Türkiyədə baş tutacaq TÜRKPA-nın 8-ci Plenar İclasına təqdim edilməsi üçün məsələ ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını təsdiq etmişdir.

Komissiya iclasından öncə öz fəaliyyətlərində innovativ siyasəti tətbiq edən Türkiyənin sahibkarlıq müəssisələrindən olan ekspertlərin də iştirakı ilə seminar təşkil edilmişdir.