Monday, 14 October 2019, 19:38:44 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA İqtisadiyyat, Ticarət və Maliyyə Məsələləri Komissiyasının ikinci iclası

5 aprel 2013-cü il tarixində TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri komissiyasının 2-ci iclası Ankara şəhərində baş tutmuşdur. Türkiyə Böyük Millət Məclisində keçirilmiş iclasda “Türkpa üzv ölkələrində investisiya mühitinin yaxşılaşdırılması” mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılmışdır.

Komissiyanın işində Qırğızıstan Parlamentinin millət vəkili, İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri komissiyasının sədri cənab Kojobek Rıspayevin başçılığı altında, Azərbaycan, Qazaxıstan və Türkiyədən millət vəkilləri, TÜRKPA beynəlxalq katibliyinin əməkdaşları iştirak etmiş, komissiya üzvlərinin məruzələri və çıxışları dinlənilmiş, fikir mübadiləsi aparılmışdır. Türkiyə Parlamentinin sədr müavini cənab Sadık Yakutun komissiyanın iclasında iştirakı və qonaqları salamlaması nəzərdə tutulmuşdur.

Komissiyanın iclasında, TÜRKPA-nın 2013-cü ilin iyun ayında Türkiyədə keçiriləcək 4-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə Türkpa üzv ölkələrində investisiya mühitinin yaxşılaşdırılması barədə hesabat sənədi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdirilmişdir.

İclasda eyni zamanda, Ankarada yerləşən Azərbaycan, Qazaxıstan və Qırğızıstan səfirliklərinin nümayəndələrinin də iştirakı nəzərdə tutulmuşdur.