Monday, 14 October 2019, 19:25:19 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Diplomatik fəaliyyətinin başa çatması ilə bağlı verilən Qəbulda TÜRKPA Baş Katibi cənab Ramil Həsənovun çıxışı

Hörmətli diplomatik korpusların nümayəndələri!

Xanımlar və cənablar!

Dəyərli dostlar!

Bu mənim TÜRKPA Baş Katibi qismində son çıxışımdır və Sizlərlə son görüşumdür.

Əlbəttə, bu mənim üçün sevindirici haldır ki, TÜRKPA-nın yaranmasının 5-ci ildönümünü qeyd etmək qismət olmuşdur.

2009-cü ildə bu təşkilat ilkin addımlarını atarkən və 2006-cı ildə cənab Nursultan Nazarbayevin bu ideyanı verərkən təşkilatın qısa bir müddət çərçivəsində bu qədər inkişaf edib bəlli bir yüksək nöqtəyə gəlməsiylə bağlı çoxların şübhəsi var idi.

Biz hər şeyə sıfırdan başladıq, amma inanaraq, güvənərək və əmin olaraq hərəkət etdik. Yanlışlarımız və xətalarımız mütləq olmuşdur, amma bu yanlış və xətalar bizi daha da güclü etmiş və ruhlandırmışdır. Çünki biz komanda ruhuna inandıq və bərabər hərəkət etdik.

Fəaliyyətim dövründə məndən dəstəyi əsirgəməmiş Azərbaycan Prezidenti cənab İlham Əliyevə və bütün çətin anlarda yanımızda olan Azərbaycan Parlamentinin sədri cənab Oqtay Əsədova, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarova böyük minnətdərlığımı bildirmək istəyirəm. Bu tarixi ideyanın müəllifi Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayevə, Qazaxıstan Parlamenti Məclisinin Sədrinə, Qazaxıstanın Xarici İşlər Nazirinə, Qırğızıstan Respublikasının Prezidenti, Parlamentinin sədri və Xarici İşlər Nazirinə və həmçinin, Türkiyə Respublikasının Prezidenti, Parlamentinin sədri və Xarici İşlər Nazirinə təşəkkürümü çatdırmaqdan məmnunluq duyuram.

TÜRKPA Parlament diplomatiyası vasitəsiylə regionda sülh və sabitliyin qorunub saxlanılmasına xidmət edən dostluq və barış evidir. Biz bütün region ölkələri və parlamentləri ilə, o cümlədən beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıyıq.

Hal-hazırda TÜRKPA-nın fəaliyyətdə olan sədri Türkiyə Böyük Millət Məclisinin sədri Cemil Çiçekdir və 1 oktyabr tarixində mən TÜRKPA Baş katibi postunu dostum, Qazaxıstandan olan dəyərli diplomat Jandos Asanova təslim edəcəyəm.

Bu bir tarixi bayrağın devir təslim prosesidir. Məndən bayrağı devir alacaq qardaşımızın təşkilatın nüfuzunu qoruyacağına, gücləndirəcəyinə, fəaliyyətini genişləndirəcəyinə və imicinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inanıram.

Həmçinin inanıram ki, Azərbaycan Respublikasında akkreditə olunmuş bütün diplomatik korpuslarla, dövlət strukturları, QHT sektoru və media nümayəndələri ilə qurmuş olduğumuz səmərəli əməkdaşlıq bundan sonra da davam və inkişaf edəcəkdir.

Bu yöndə mənə miras qalmış 3 il yarımlıq təcrübəni hər zaman bölüşməyə hazır olduğumu da ayrıca vurğulamaq istəyirəm.

Hər kəsə təşəkkürümü bildirirəm və uğurlu 5-ci ildönümü arzulayıram.