Friday, 06 December 2019, 06:35:29 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkpa baş kati̇bi̇ cənab Rami̇l Həsənovun GUAM parlament assambleyasinin 5-ci iclasinda çixişI (19 dekabr 2012-ci il)

Hörmətli cənab Sədr,

Hörmətli iclas iştirakçıları,

Xanımlar və cənablar,

Bu mötəbər toplantıya dəvət etdiyinizə görə öz adımdan və TÜRKPA adından minnətdarlığımı bildirmək istərdim. İnanıram ki, bugünkü iclas GUAM Parlament Assambleyası və TÜRKPA arasında əməkdaşlığının gücləndirilməsinə öz töhfəsini verəcəkdir.

İcazə verin, qısa olaraq təşkilatımızın məqsədləri, vəzifələri və fəaliyyəti barədə sizlərə məlumat verim.

Türkdilli ölkələrin Parlament Assambleyası - TÜRKPA Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament sədrlərinin 2008-ci il 21 noyabr tarixində imzaladığı İstanbul Sazişi ilə təsis edilmişdir. Qeyd etmək istərdim ki, hal-hazırda TÜRKPA-nın fəaliyyətdə olan sədri Qırğızıstan Parlamentin sədridir.

TÜRKPA çətiri altında əməkdaşlıq Türk ölkələrin tarixi, mədəni və lingvistik ümumiliyinə əsaslanır. Bu ölkələrin inkişaf edən iqtisadiyyatları, dinamik əhali strukturları və regionda fəal iştirakçı kimi oxşarlıqları onların arasında əməkdaşlığın genişləndirilməsi üçün güclü stimul verməkdədir. TÜRKPA-nın əsas missiyası üzv ölkələrin siyasi, iqtisadi və mədəni sahələrdə qarşılaşdığı çağırışların öhdəsindən gəlmək üçün parlamentlərarası əməkdaşlıq çərçivəsində birgə fəaliyyət qurmaq niyyətinə əsaslanır.

Assambleyamız ilk növbədə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunan prinsiplər və dəyərlərinə, o cümlədən beynəlxalq hüququn digər universal normalarına bağlılığını təsdiq etməkdədir.

TÜRKPA-nın əsas məqsədləri parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, Türkdilli ölkələr və digər region ölkələr arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığı inkişaf etdirmək, siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin intensivləşməkdir.

TÜRKPA-nın təsis etdiyi seçkilər üzrə müşahidə mandatı Assambleyanın üzv ölkələrdə dövlət qurumları ilə möhkəm əməkdaşlığına və onların milli seçki prosesinin hərtərəfli monitorinq etmək səylərinə bir töhfə vermişdir. 2010-cu ildən bəri TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası dörd üzv ölkədə keçirilmiş prezident və parlament sesçkilərini müşahidə etmişdir.

Eyni zamanda, missiyanın müşahidə etdiyi seçkilər üzrə yekun rəyi məlumat üçün aparıcı qurumlara, o cümlədən Avropa Parlamenti və ATƏT Parlament Assambleyasına göndərilmişdir.

Təşkilatımız öz sıralarında xüsusi qrupa daxil olan ölkələrin birləşdirməsinə baxmayaraq, digər ölkə və qurumlara qarşı ekskluziv yanaşma nümayiş etdirmir. Əksinə, TÜRKPA regiondakı digər dövlətlər, milli parlamentlər və beynəlxalq təşkilatlarla əlaqələr qurmaq və inkişaf etdirməkdə maraqlıdır. Bundan əlavə, TÜRKPA qlobal dialoqun ümumi parlamentlərarası platformanın möhkəmlənməsinə xüsusi önəm verir. Bunun nəticəsi olaraq, Assambleyamız Beynəlxalq Parlamentlər Birliyi, İslam Əməkdaşlığı Təşkilatının Parlamentlər Birliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında müşahidəçi statusuna malik oldu. Həmçinin, biz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirə (CİCA) Təşkilatı ilə yüksək dialoq qurmuşuq və bu il həmin təşkilat da Assambleyamıza müşahidəçi statusu vermişdir.

Bundan savayı, baxmayaraq ki TÜRKPA üzv ölkələrin arasında əsasən iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığa üstünlük verir, təşkilatımız Avrasiya regionunda təhlükəsizliyin təmin edilməsinə xidmət edən və siyasi dialoqun iştirakçısı olaraq sub-regional təşkilat kimi müəyyənləşdirilə bilər. Bu baxımdan, biz ATƏT və onun institutları ilə əməkdaşlığa xüsusi önəm veririk. Bu kontekstdə, son iki il ərzində TÜRKPA ATƏT Parlament Assambleyasının illik və qış sessiyalarında, və həmçinin ATƏT Nazirlər Şurasının 2011-ci ildə keçirilmiş toplantısında qonaq qismində iştirak etmişdir. Eyni zamanda cari ilin sentyabr ayında, mən TÜRKPA-nın Baş Katibi olaraq, ATƏT-in üzv dövlətlətinin səfirlərini təşkilatın hədəfləri, vəzifələri və missiyası ilə bağlı məlumatlandırmaq məqsədi ilə ATƏT Daimi Şurasının toplantısına qatılmışdım.

Hörmətli sessiya iştirakçıları,

Gördüyünüz kimi, TÜRKPA parlamentlərarası təşkilatlarla yanaşı hökümətlərarası qurumlarla da əlaqələrini gücləndirməkdədir. Bununla bağlı mən vurğulamaq istərdim ki, parlament və ənənəvi diplomatiyanın arasında qarşılıqlı fəaliyyət çoxtərəfli əməkdaşlıq prosesinin çərçivəsində artıq bir gerçəklikdir. Parlament diplomatiyası ənənəvi diplomatiyanı tamamlayan bir amil kimi hesab olunur. Biz düsünürük ki, müasir diplomatiyanın bu iki ölçü arasında qarşılıqlı fəaliyyəti müxtəlif səviyyələrdə siyasi dialoq və fikir mübadiləsinə imkan yaradır.

Çıxışımın sonunda əlavə etmək istərdim ki, şübhəsiz Türkdilli ölkələrin Parlament Assambleyası aparıcı regional təşkilatlıarın ortaq məqsəd və vəzifələri ilə bölüşmək niyyətindədir. Assambleyamız bütün bənzər parlamentlərarası qurumlarla qarşılıqlı və sıx əlaqələrin inkişafının tərəfdarıdır, çünki bu amil Avrasiya reqionunda fəaliyyət göstərən müxtəlif təşkilatlar arasında operativ rabitəliliyinə töhfə verəcəkdir. Hesab edirik ki, Avrasiya məkanında fəaliyyət göstərən beynəlxalq parlament qurumlarının mövcud münaqişələrin həll olunmasında, sülh və sabitliyin davamlığının təmin olunmasında beynəlxalq hüquq normaların tətbiqi prosesində çox mühüm rolu olmalıdır. Təbii ki, bu istiqamətdə biz GUAM Parlament Assambleyasının, o cümlədən Baltik Assambleyası, Benilüks Parlamenti və digər tərəfdaş olduğu təşkilatlarla əməkdaşlığın möhkəmlənməsinə böyük önəm veririk.

Fürsətdən istifadə edərək, təkrar TÜRKPA adından GUAM Parlament Assambleyasına bu plenar sessiyaya dəvət etdiyi üçün boyük təşəkkürümü bildirirəm.

Diqqətiniz üçün çox sağolun.