Wednesday, 11 December 2019, 17:33:21 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkpa baş kati̇bi̇ cənab Rami̇l Həsənovun türkdi̇lli̇ dövlətləri̇n əməkdaşliq şurasinin ii zi̇rvə görüşündə çixişI (Bişkek, 23 avgust 2012-ci il)

Cənab Sədr!

Hörmətli Dövlət Başçıları, Zati-Aliləri, cənab Almasbek Atanbayev, cənab Nursultan Nazarbayev, cənab Artur Rəsizadə, cənab Abdullah Gül!

Öncə bu yüksək kürsüdən mənə çıxış etmək məqsədi ilə fürsət tanıdığınız üçün şərəf duyğumu bildirmək istəyirəm.

Assambleyanın III plenar sessiyası 2012-ci ilin iyun ayında Bişkekdə keçirilmişdir. Bişkek sessiyasında TÜRKPA-nın yeni qurulmuş 4 daimi komissiyaların sənədləri qəbul olunmuş, sədrlik rəsmən Qazaxıstandan Qırğızıstana keçmiş və Bişkek Bəyannaməsi qəbul olunmuşdur.

TÜRKPA-nın təsis etdiyi seçkilər üzrə beynəlxalq müşahidə missiyası ötən dövr ərzində Qırğızıstanda keçirilmiş prezident seçkiləri və Qazaxıstanda parlament seçkiləri müşahidə etmişdir və TÜRKPA-nın müşahidəçilər mandatı beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan və tanınan bir missiyaya çevrilmişdir.

TÜRKPA beynəlxalq əməkdaşlıq çərçivəsində Katibliyin də aktiv iştirakı ilə bir çox nailiyyətlər əldə etmişdir. TÜRKPA nümayəndə heyəti ATƏT Parlament Assambleyası, Parlamentlərarası Birliyi, ATƏT Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlığı Təşkilatının Parlament Birliyi, Avropa Parlamenti, Baltik Assambleyası, GUAM, QDİƏT Parlament Assambleyası və MDB Parlament Assambleyasının toplantılarında, sessiyalarında və konfranslarında iştirak etmişdir. İlk dəfə TÜRKPA Katibliyi koordinatorluğu ilə ATƏT PA-nın 2012-ci ildə keçirilən qış sessiyasında TÜRKPA üzv ölkələrinin nümayəndə heyətləri bir araya gəlmiş və ATƏT PA çərçivəsində ortaq fəaliyyət üçün ilkin istək ifadə etmişdilər. Cari ilin iyul ayında isə Monakoda keçirilmiş ATƏT PA-nın 21-ci illik sessiyasında, ənənəvi olaraq, TÜRKPA nümayəndə heyəti iştirak etmişdir. Bildirmək istəyirəm ki, ATƏT PA-nın insan hüquqları və demokratiya məsələləri üzrə komitəsində 2011-ci ildə Qazaxıstanın Janaozen vilayətində baş vermiş olaylarla bağlı bir sıra qərəzli qətnamə layihələri təqdim edilmişdir. Lakin bunun məntiqi nəticəsi kimi, TÜRKPA-nın koordinatorluğu ilə onun üzv ölkələri bu məsələynən bağlı birgə mövqe ifadə etmişdirlər, və bununla yanaşı ATƏT PA-nın əksər üzvləri həmin qətnamə layihələrinin əleyhinə səs vermişlər. Monako sessiyasında ATƏT PA-nın iqtisadi məsələlər üzrə komitəsinin sədr müavini vəzifəsinə Qırğızıstan parlamentinin üzvü seçilib, və bu prosesdə də TÜRKPA üzv ölkələrinin ortaq fəaliyyəti öz müsbət töhfəsini vermişdir. Eyni zamanda, TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən hazırlanmış üzv ölkələrinin ATƏT PA çərçivəsində birgə fəaliyyətinə dair təkliflər Monako sessiyasında dörd nümayəndə heyətinə yazılı şəkildə təqdim edilmişdir.

2012-ci ilin əvvələrində TÜRKPA Baş Katibi ATƏT-in Baş Katibi Lamberto Zanier və ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi İyon O`Liri ilə ikitərəfli görüşlər keçirmişdir. Həmin görüşlərin nəticəsi olaraq, ATƏT-də hal hazırda sədrlik edən İrlandiya Respublikasının Vyanadaki səfirliyinin dəvəti ilə cari ilin sentyabr ayında ATƏT-in Daimi Şurasında TÜRKPA Baş Katibinin brifingi nəzərdə tutulub. Brifingin məqsədi Daimi Şurada təmsil olunan ATƏT üzv dövlətlərinin səfirlərinə TÜRKPA haqqında ətraflı məlumat vermək, Daimi Şuranı maraqlandıran sualları cavablandırmaq və iki təşkilat arasında əməkdaşlıq perspektivləri müzakirə etməkdir.

Bundan əlavə, Assambleyamız Avrasiya məkanında fəaliyyət göstərən bir sıra nüfüzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini davam etdirməkdədir. Bu yaxınlarda, TÜRKPA-nın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirəsi Təşkilatında (CICA) müşahidəçi statusu ilə bağlı müraciətinə baxılmış və 24 üzv ölkənin təmsil olunduğu təşkilatda TÜRKPA-nın müraciəti müsbət qəbul edilmişdir.

TÜRKPA-nın beynəlxalq əməkdaşlığı BMT-nin legitim və ali rolunun tanınmasına əsaslanır. Buna əsasən, TÜRKPA BMT Baş Assambleyasında müşahidəçi statusu almaq üçün müraciət etmişdir. TÜRKPA üzv ölkələrin BMT-də daimi nümayəndəliklərinin səyi nəticəsində həmin məsələ BMT Baş Assambleyasının 66-ci sessiyasının gündəliyinə daxil olmuşdur. İnanırıq ki, üzv ölkələrin xarici işlər nazirliklərinin dəstəyi ilə 2012-ci ildə bu istiqamətdə ən önəmli uğurlarımıza imza atacayıq.

TÜRKPA və Türk Dövlətlərin Əməkdaşlıq Şurası arasında Türkdilli dövlətlərin siyasi, iqtisadi və mədəni əlaqələrinin möhkəmlənməsinə dayanan ümumi ana məqsədlərinə uyğun işbirliyi inkişaf edir. Bu məqsədlə həm TÜRKKON həm də TÜRKSOY-la əlaqələr gücləndirilmiş, bir-birimizin layihələrində birgə iştirakın və ortaq koordinasiyanın təməlləri qoyulmuşdur.

Hörmətli Zirvə iştirakçıları!

Ötən dövr ərzində TÜRKPA Baş Katibinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin sədrləri ilə, həmçinin hər 4 ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirilmiş, məsləhətləşmələr aparılmış və onların tövsiyyələri dinlənilmişdir. Fürsətdən istifadə edərək, mən dörd ölkənin xarici işlər nazirlərinə göstərmiş dəstəyə görə öz təşəkkürümü bildirmək istəyirəm.

Eyni zamanda TÜRKPA Katibliyi tərəfindən təşkilatın hüquqi sənədləri və türkdilli ölkələrin, həmçinin Özbəkistan və Yürkmənistan, 5 dilə tərcümə olunmuş və çap edilmişdir.

Assambleyamız parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Qırğızıstan və Türkiyə parlamentləri arasında mübadilə proqramlarını həyata keçirmiş və bu proseslər davam etdirilir.

TÜRKPA yaxın perspektivlərdə daimi komissiyaların növbəti toplantılarını, beynəlxalq konfransların təşkil edilməsi, regional və qonşu dövlətlərin parlamentləri ilə əlaqələrin inkişafına dair tədbirlərin və Türkdilli ölkələrin arasında münasibətlərin intensivləşməsinə yonəlmiş layihələrin həyata keçirilməsini nəzərdə tutmaqdadır. Bundan əlavə, bu ilin oktyabr ayında İstanbulda “Ölkələrarası əməkdaşlığın inkişaf prosesində gənc liderlərinin rolu” mövzusunda beynəlxalq forumun təşkil edilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycanın dövlət başçısı zati-aliləri İlham Əliyevin xüsusi təlimatı ilə TÜRKPA Beynəlxalq Katibliyinə ayrı binanın verilməsi proseduruna start verilmişdir. Bununla əlaqədar olaraq, mən təşkilatımızın adından cənab prezidentə və Azərbaycan hökumətinə öz dərin təşəkkürümü bildirmək istəyirəm.

Hörmətli Dövlət Başçıları, Zati-Aliləri!

Çıxışımızın sonunda yüksək qonaqpərvərliyinə, ev sahibliyinə və fəaliyyətimizə tam dəstək verdiyinə görə Qırğızıstan Respublikası Prezidenti Zati-Aliləri cənab Almasbek Atambayevadan təşəkkürlərimi qəbul etməyini rica edirəm.

2006-ci ildə TÜRKPA-nın yaradılması ideyası ilə atmış olduğu tarixi addımına görə Qazaxıstan Respublikası Prezidenti Zati-Aliləri cənab Nursultan Nazarbayeva xüsusi təşəkkürümü çatdırmaq istəyirəm.

TÜRKPA Katibliyinin Bakıda hərtərəfli fəaliyyətinə yaradılmış bütün yüksək imkanlara, diplomatik missiya olaraq bizə vermiş olduğu xüsusi dəstəyə görə Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyeva və Azərbaycan hökumətinə xüsusi təşəkkürümü çatdırmaqdan şərəf duyuram.

TÜRKPA-nın beynəlxalq imicin gücləndirilməsində, beynəlxalq platformada öz sözünü deməsində, vermiş olduğu önəmli dəstəyə görə Türkiyə Cümhürriyyəti Cümhurbaşqanı cənab Abdullah Gülə minnətdarlığımı bildirmək istəyirəm.

Diqqətinizə görə minnətdaram!