Saturday, 17 November 2018, 22:05:43 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türk Şurası

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2009-cu ildə Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın təşviq edilməsi məqsədilə beynəlxalq hökumətlərarası təşkilat kimi yaradılmışdır. Onun dörd qurucu üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir.

Türk Şurası Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin məqsəd və prinsipləri, digər beynəlxalq tanınmış prinsiplər, suveren bərabərlik, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin qorunması və üzv dövlətlər arasında mehriban qonşuluq, dostluq əlaqələrinin və əməkdaşlığın inkişafı da daxil olmaqla beynəlxalq hüquq normalarına sadiq beynəlxalq təşkilatdır.

Türk Şurası sülh və sabitliyin gücləndirilməsi, üzv ölkələr arasında geniş əməkdaşlıq və ümumi inkişaf üçün potensialın açılmasının təşviqinə həsr edilmiş təşkilatdır. Xüsusi ölkələr qrupunu bir araya gətirməsinə baxmayaraq təşkilat eksklüziv yanaşmadan istifadə etmir. Əksinə, Türkdilli ölkələr arasında dərin əlaqələri və həmrəyliyi təşviq edərək Avrasiya materikində, xüsusən, Mərkəzi Asiya və Qafqazda beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni regional vasitə kimi xidmət etmək məqsədi güdür.

Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olaraq Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat Üzv Dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevirmək niyyəti daşıyır.

Həmçinin Türk Şurası yalnız Üzv Dövlətlər çərçivəsi daxilində özünü məhdudlaşdırmır, regionda, xüsusilə, nəqliyyat, gömrük, turizm və s. sahələrdə sülh və sabitliyin təmin edilməsi məqsədilə qonşu dövlətlər ilə əməkdaşlıq edir.

Bundan əlavə, Türk Şurasının fəaliyyətləri Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatlar tərəfindən dəstəklənir.

Türk Şurası haqqında daha ətraflı məlumat

www.turkkon.org