Tuesday, 27 July 2021, 18:42:48 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Sədr

Xanım Sahibə QAFAROVA

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri

2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.

1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar müəllimdir. Bir neçə monoqrafiyanın, dərsliyin, dərs vəsaitinin və 80-dan çox elmi məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.

1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləmişdir. 1981–2000-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, 2000–2020-ci illərdə Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, Avropa dilləri kafedrasının müdiri, Beynəlxalq əlaqələr üzrə prorektoru (2010–2020-ci illərdə ictimai əsaslarla) olmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2012–2013-cü illərdə Avropa Şurasının Parlament Assambleyasında İrqçiliyə və ksenofobiyaya qarşı alt komitəyə, 2014–2015-ci illərdə Gender bərabərliyi alt komitəsinə rəhbərlik etmiş, 2015–2017-ci illərdə «Zorakılıqdan azad qadınlar» şəbəkəsinin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi, 2016–2018-ci illərdə Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri, Büro üzvü olmuşdur. 2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmişdir.

Türkdilli Ölkələrin Parlament Assambleyasında və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

Evlidir, 2 övladı var.

meclis.gov.az