Bişkekdə İqtisadi əməkdaşlıq komissiyasının seminarı keçirilib
18 aprel 2024

18 aprel 2024-cü il tarixində Bişkek şəhərində Qırğız Respublikasının Joqorku Keneşinin ev sahibliyində “Ticarət nümayəndəlikləri TÜRKPA üzv dövlətlərində ticari-iqtisadi əlaqələrin qarşılıqlı gücləndirilməsi mexanizmləri kimi və onlardan səmərəli istifadə imkanları” mövzusunda seminar keçirilib. İqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclası çərçivəsində təşkil olunmuş seminarda TÜRKPA üzv dövlətlərinin parlamentariləri, ekspertlər, dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Açılış mərasimində onlayn formatda komissiyanın sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Anas Bakkojaev, komissiyanın sədr müavini, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Çolpon Sultanbekova və TÜRKPA Baş katibi Mehmet Süreyya Er çıxış ediblər.

Seminar zamanı Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin Əmlak hüququ sektorunun müdiri Nadir Sultanov, onlayn formatda Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin Ticarət və iqtisadi inkişaf şöbəsinin müdir müavini Meruert Abdiqaliyeva, Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının vitse-prezidenti Tolkunay Taalaybekova, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr və protokol şöbəsinin TÜRKPA parlament qrupu katibliyinin qanunvericilik üzrə mütəxəssisi Ercan Durdular məruzə ilə çıxış ediblər. Həmçinin, Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında “Qırğız ixracı” İxracın Təşviqi və İnkişafı Mərkəzinin direktor müavini Tilek Jumaliyev və Türkiyə Cümhuriyyətinin Bişkekdəki Səfirliyinin ticarət müşaviri Hüseyn Koç təqdimatlarını paylaşıb və öz ölkələrində ticarət nümayəndəliklərinin sistemi haqqında məlumat veriblər. İştirakçılar təcrübələrini bölüşüb, eyni zamanda üzv dövlətlərdə ticari-iqtisadi əlaqələrinin yaxşılaşdırılması məqsədilə ticarət nümayəndəliklərindən istifadə mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

Komissiyanın katibi Bauırjan Datkayevin moderatorluğu ilə keçirilən seminar yekun qiymətləndirmələrlə başa çatıb.