Sunday, 22 October 2017, 10:39:01 — Baku (UTC+4)
Parliamentary Assembly of Turkic Speaking Countries
Speech of Mr. Jandos Asanov at the 4th World Forum on Intercultural Dialogue

TürkPA Baş katibi Jandos Asanovun

“Mədəniyyətlərarası dialoqda TürkPA-nın rolu”

mövzusunda çıxışı

6 may 2017, Bakı

Hörmətli həmkarlar,

Dəyərli iştirakçılar,

İlk olaraq, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti xanım Günay Əfəndiyevaya bugünkü dəyirmi masa toplantısına dəvətlərinə görə təşəkkürlərimi bildirmək istəyirəm.

4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Türk dünyası - mədəniyyətlərin və sivilizasiyaların qovşağında” mövzusunda dəyirmi masa toplantısının keçirilməsi çox əhəmiyyətlidir. Çünki, Türkdilli ölkələr hər zaman insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzulara böyük önəm vermişdir.

Bakı ənənəvi olaraq humanitar forumlara evsahibliyi edir. Artıq bir neçə dəfə mədəniyyətlərarası dialoqa dair forumlar keçirilmişdir. Bu il 4-cüsü keçirilməkdədir. Bunlar Türk dünyası üçün çox mühüm hadisədir. Biz, Türkdilli ölkələr Azərbaycanda belə qlobal tədbirlərin yüksək səviyyədə təşkil edilməsindən böyük qürur duyuruq.

Hesab edirəm, Türkdilli ölkələrin əməkdaşlığının davamlı inkişafı üçün çox böyük potensial var. İlk öncə, cəmiyyətlərimiz bir birini daha yaxından tanımalıdır, insanlar ölkələrimiz haqqında hərtərəfli informasiyaya sahib olmalıdır. Bu baxımdan, Türk əməkdaşlığının parlament ölçüsü olaraq TürkPA mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini hər zaman diqqətdə saxlayır.

Bizim TürkPA üzv ölkələri mədəniyyətlərarası, sivilizasiyalararası və qitələrarası münasibətlərin möhkəmlənməsinə, insanlar arasında münasibətlərin dərinləşməsinə öz müsbət töhfəsini verir. Məsələn:

1) Azərbaycan ilk Avropa oyunlarına evsahibliyi etmişdir. Avropa Olimpiya Komitəsi tərəfindən ilk oyunların Türk ölkəsində keçirilməsi ilə bağlı verilmiş qərar multikulturalizm, tolerantlıq ideallarının hamı üçün çox önəmli olduğunu göstərir.

- Keçən il Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir.

- Bir neçə gündən sonra Bakı İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcəkdir.

2) Qazaxıstan ənənəvi olaraq Dünya və Ənənəvi Dinlərin Rəhbərlərinin Qurultayına evsahibliyi edir. Bu təşəbbüs Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tərəfindən 2003-cü ildə başladılmışdır.

- Bu ilin iyun ayında Qazaxıstanda EXPO 2017 beynəlxalq sərgisinin açılış mərasimi təşkil ediləcəkdir. Astanada keçiriləcək və 3 ay davam edəcək EXPO 2017 bərpa olunan və alternativ enerji mənbələrinə həsr olunur. Bu enerji mənbələri gələcəkdə qlobal sabitlik və davamlı inkişafı təmin edən əsas amillərdən biri olacaqdır.

3) Keçən il Qırğızıstanda Dünya Köçəri Oyunlarının 2-cisi keçirilmiş və bu proses də artıq ənənəvi xarakter almışdır. Bu oyunlar Türk və köçəri sivilizasiyalarına aid idman oyunlarının qorunması və tanıdılması, eyni zamanda Türkdilli xalqların və cəmiyyətlərin mədəni və tarixi irsinin təbliği istiqamətində böyük töhfədir.

4) Türkiyə Suriyada illərdir davam edən döyüş səbəbiylə ölkələrini tərk edərək Türkiyəyə sığınan qaçqınlara kömək əli uzadır. Son məlumatlara görə Türkiyədə 3,5 milyon immiqrant və qaçqın var. Türkiyə tərəfindən həmin immiqrant və qaçqınlara qarşı münasibət və onlara edilən yardım, humanitar və mədəniyyətlərarası münasibətlər sahəsində bütün dünya ictimaiyyəti üçün nümunə olacaq bir addımdır.

Bizim TürkPA üzv ölkələri arasında əlaqələr günbəgün inkişaf etməktədir. Amma üzv ölkələrimiz arasında əlaqələrin inkişaf etməsinə baxmayaraq, cəmiyyətlərimiz arasında biri-birləri haqqında məlumat azlığı mövcuddur. Hal-hazırda, kütləvi informasiya vasitələri arasında işbirliyi və TürkPA-ya üzv dövlətlər arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq kifayət qədər inkişaf etməmişdir və dövlətlər arasında məlumat axını aşağı səviyyədədir.

Türkdilli ölkələr arasında qarşılıqlı məlumat mübadiləsi sahəsində ciddi çatışmazlıqlar mövcuddur. Bizim cəmiyyətlərimiz qonşu ölkələrimizdən deyil, daha çox Avropa və Amerikada baş verən hadisələrdən məlumatlıdırlar. TürkPA bu məsələlərə diqqət yetirir. Biz xatırlamalıyıq ki, bütün Türkdilli ölkələrin bir ortaq kökü var, amma bugün onların hər birinin öz dili, tarixi və dəyərləri var, hansılar ki, bunlar hamısı ortaq Türk mədəni irsinin ayrılmaz tərkib hissəsidir.

Bizdə sadə şeylər çatmır: lüğətlər, dil öyrənmək üçün tədris materialları, bir Türk dilindən digərinə tərcümə üçün peşəkar tərcüməçilər. Nəyə görə bizim Azərbaycan-Qazax və ya Azərbaycan-Qırğız dilləri üzrə lüğətlərimiz yoxdur? Nəyə görə biz Türk dillərinin qrammatikası, fonetikası və əlifbalarının öyrənilməsi sahəsində elmi tədqiqat işləri aparmırıq ? Gördüyümüz kimi, bizim qardaş ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə yol açacaq çox sadə amma eyni zamanda əsas şeylərimiz çatmır.

Mən qardaş xalqlar arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın gələcəkdə daha da artacağına əmin olduğumu bildirmək istəyirəm. Daimi qərargahı Bakıda yerləşən Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasının özü Türk mədəniyyəti, incəsənəti və tarixi dəyərlərinin təbliği sahəsində önəmli bir töhfədir. Türk Mədəniyyəti və İrsi Fonduna və onun rəhbərinə gələcək fəaliyyətlərində və bu önəmli missiyanın həyata keçirilməsində uğurlar arzu edirəm.

Diqqətiniz üçün təşəkkür edirəm.