Tuesday, 23 January 2018, 16:04:06 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası
Qırğızıstan Respublikası Joqorku Keneşinin Sәdri Azәrbaycan Respublikası Milli Mәclisinin Sәdri ilә görüşmüşdür

Türkdilli Ölkələrin Parlament Assambleyasının 7-ci Plenar İclası çərçivəsində, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri cənab Dastanbek Jumabekov Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovla görüşmüşdür.

Qırğızıstan Parlamentinin Sədri Türkdilli Ölkələrin Parlament Assambleyasının 7-ci Plenar İclasında iştirakına görə Azərbaycan Parlamentinin Sədrinə öz minnətdarlığını bildirmiş, iki ölkənin ümumi tarixi köklərə söykəndiyini və iki xalqın türk mənşəli olduğunu xüsusu olaraq qeyd etmişdir. Azərbaycanın dinamik şəkildə inkişaf etdiyi də diqqətə çatdırılmışdır. Həmçinin cənab Jumabekov parlamentlərarası əməkdaşlığın konstruktiv dialoq və təcrübə mübadiləsi ilə yanaşı, həm də Azərbaycan və Qırğızıstan arasında yüksək səviyyədə qarşılıqlı anlaşma və dəstəyin əldə olunmasında xüsusi yer tutduğunu vurğulamışdır.

Öz növbəsində, cənab Oqtay Əsədov cənab Jumabekova səmimi qəbul üçün təşəkkürünü bildirmiş və onu Qırğızıstan Parlamentinin Sədri vəzifəsinə seçilməsi, eləcə də TürkPA-dakı sədrliyin Qırğızıstana keçməsi münasibətilə təbrik etmişdir. TürkPA çərçivəsində əməkdaşlığı müzakirə edən Milli Məclisin Sədri Qırğızıstan tərəfinin səyi nəticəsində Özbəkistan parlament nümayəndə heyətinin ilk dəfə olaraq plenar iclasda qonaq qismində iştirakından məmnunluq ifadə etmişdir. Azərbaycanın ikitərəfli münasibətlərin gələcək inkişafına böyük əhəmiyyət verdiyi və qarşılıqlı faydalı əməkdaşlıq əsasında bütün sahələrdə əlaqələrin gücləndirilməsinə hazır olduğu da xüsusi olaraq qeyd olunmuşdur.