Saturday, 25 November 2017, 15:34:49 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
TürkPA Qırğızıstanda prezident seçkilәrini müşahidә etmişdir

Azərbaycan, Qazaxıstan, Türkiyə parlamentlərinin üzvləri, eləcə də TürkPA katibliyinin nümayəndələrindən ibarət TürkPA beynəlxalq müşahidəçilər missiyası 15 oktyabr 2017-ci il tarixində Qırğızıstan Respublikasında keçirilən prezident seçkilərinin qısamüddətli monitorinqini həyata keçirmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi missiyaya Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Sarsenbay Yenseqenov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Nurlan Dulatbekov, Türkiyə Böyük Millət Məclisin üzvləri Feyzullah Kıyıklık və Erkan Aydın daxil idi.

Səfər çərçivəsində TürkPA müşahidəçiləri Qırğızıstan Respublikasının hökümət və Mərkəzi Seçki Komissiyasının bir sıra rəsmiləri ilə görüşlər keçirmişdir. Görüş zamanı müşahidəçilər prezident seçkiləri ilə bağlı həyata keçirilən hazırlıqlarla əlaqədar ətraflı məlumat əldə etmişdir.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən təxminən 3 mln. 25 min 770 seçici qeydiyyatdan keçmiş, ölkə xaricində səs vermək məqsədilə 27 ölkədə 37 seçki məntəqəsi təşkil olunmuşdur.

Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayevin 16 oktyabr 2017-ci il tarixində beynəlxalq müşahidəçilər missiyalarının rəhbərləri ilə keçirilmiş görüşündə TürkPA müşahidəçilərini Azərbaycan Respublikası Milli Məclisin deputatı Nizami Cəfərov təmsil etmişdir. Həmin gün Qırğızıstan Respublikasının Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov TürkPA müşahidəçilərini qəbul etmişdir.

TürkPA missiyası səsvermə prosesini bütün mərhələlərdə müşahidə etmək imkanı əldə etmişdir. Seçki məntəqələri seçki günü 8:00-dan 20:00-dək fəaliyyət göstərmişdir. Müşahidəçilər İssık-Kul regionundakı (Çolpon Ata və ətraf kəndlər) seçki məntəqələrini ziyarət etmiş, seçki prosesində yeni texnologiyalar və biometrik məlumatın istifadəsini yüksək qiymətləndirmişdir.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən seçici fəallığı təqribən 56% təşkil etmiş və prezidentliyə namizəd Sooronbay Jeenbekov səslərin 55%-ni toplayaraq ölkənin prezidenti seçilmişdir.

Missiya tərəfindən hər hansı bir qanun pozuntuları qeydə alınmamış və seçki prosesi Qırğızıstanın milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun təşkil edilmişdir.

TürkPA Beynəlxalq Müşahidəçilər Missiyasının gəldiyi nəticəyə görə, 15 oktyabr 2017-ci il tarixində Qırğızıstan Respublikasında keçirilən prezident seçkiləri ölkənin milli qanunvericiliyinə uyğun olaraq demokratik şəraitdə keçirilmişdir.