Saturday, 25 November 2017, 15:35:04 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
N.Niqmatulin Sankt-Peterburqda keçirilәn Parlamentlәrarası İttifaqın (IPU) forumunda Qazaxıstan Prezidentinin tәşәbbüslәrini dәstәklәmәyә çağırmışdır

Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Nurlan Niqmatulin 137-ci Parlamentlərarası İttifaq Assambleyasında çıxışı zamanı dünya parlament ictimaiyyətini Qazaxıstan Prezidentinin terrorizmə qarşı mübarizə təşəbbüslərini dəstəkləməyə çağırmışdır.

14-15 oktyabr tarixlərində, Sankt-Peterburqda keçirilən 137-ci Parlamentlərarası İttifaq Assambleyası sülh dialoqunu irəlilətmək üçün səylərini birləşdirmək məqsədilə dünyanın 160-dan çox ölkəsindən parlamentariləri bir araya gətirmişdir.

-2015-ci ildə, Nyu-Yorkda 70-ci BMT Baş Assambleyasında müraciəti zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Birləşmiş Millətlər Təşkilatı himayəsi altında qlobal antiterror koalisiyası yaratmaqla beynəlxalq terrorizmə qarşı mübarizə üzrə bir sıra təkliflər irəli sürmüşdür.

Bu gün biz bu tribunadan Parlamentlərarası İttifaq üzv dövlətlərindən parlamentari həmkarlarımızı terrorizmdən azad dünyaya nail olunmasında BMT çərçivəsində Davranış Kodeksinin tərtibi və qəbul olunması üzrə Qazaxıstan Prezidentinin təşəbbüslərini dəstəkləməyə çağırırıq. Əminəm ki, bu XXI əsrin kəskin təhdidlərindən birinə qarşı mübarizədə qlobal parlament ictimaiyyətinin mühüm töhfəsi olacaqdır, - N.Niqmatulin vurğulamışdır.

Həmçinin Məclis spikeri Qazaxıstan tərəfindən yaradılmış və inkişaf etdirilməkdə olan millətlərarası və dinlərarası dialoqun unikal modeli haqqında danışmışdır. N.Niqmatulinin da qeyd etdiyi kimi, etnik və dini ehtiyaclarının həyata keçirilməsində bütün Qazaxıstan vətəndaşlarının bərabər konstitusional və hüquqi şəraitlə təmin edilməsi onun əsas prinsipləri sırasındadır.

Dövlət siyasəti ölkədə bütün etnik qrupların mədəniyyət və dilinin inkişafını hədəfləyir, millətlərarası harmonizasiyanın səmərəli qurumları yaradılmış, dinlərarası dialoq davam etməkdədir.

Qazaxıstan xalqının Assambleyasını millətlərarası münasibətlərin harmonizasiyasının unikal institutu kimi təsvir edərək Məclis sədri BMT, UNESCO və ATƏT tərəfində Assambleyanın fəaliyyətini yüksək qiymətləndirmişdir.

-Qazaxıstan xalqının Assambleyasının təcrübəsi multikultural cəmiyyətlər üzrə millətlərarası dialoqun institutlaşmasının səmərəli modeli kimi dünya ictimaiyyətinə maraqlı ola bilər, - N.Niqmatulin bildirmişdir. Mədəniyyətlərarası inkişaf və qloballaşma dövründə etnik mədəniyyətlərin qorunmasında Qazaxıstanın müsbət nailiyyətlərini qeyd edən Məclis sədri, həmçinin Parlamentlərarası İttifaqın digər üzv dövlətlərinin müsbət təcrübəsini vurğulamışdır.

1889-cu ildə yaradılmış Parlamentlərarası İttifaq (IPU) ən qədim beynəlxalq parlament təşkilatıdır. Hazırda Pİ 173 ölkədən parlamentarilər və 11 parlamentlərarası təşkilatı bir araya gətirir. Bütün tarixi ərzində Pİ parlament sistemlərinin təkmilləşməsinə, insan hüquqlarının təmin edilməsinə, millətlərarası harmonizasiyanın yaradılmasına, eləcə də beynəlxalq təhlükəsizliyin qorunmasına dəstək olmuşdur. 137-ci Pİ Assambleyasının əsas hadisələrindən biri “Müxtəlifliyimizi paylaşaraq: Ümumdünya Demokratiya Bəyannaməsinin 20-ci ildönümü” başlıqlı qərarın qəbulu olmuşdur.