Wednesday, 23 August 2017, 19:49:08 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının üçüncü iclası

Qazaxıstan Respublikası Parlament Məclisinin ev sahibliyində TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının üçüncü iclası 22 iyun, 2017-ci il tarixində Astanada baş tutmuşdur.

Üçüncü iclasın gündəliyinin əsas maddəsi “Üzv ölkələrdə alternativ enerji mənbələrinin inkişafı” olmuşdur. İclas bərpa olunan enerji mənbələrinin inkişafına həsr olunmuş EXPO-2017 Astana Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinə həsr olunmuşdur.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər, müvafiq nazirliklərin, eləcə də Türk əməkdaşlıq qurumlarının nümayəndələri iclasda iştirak etmişdir.

İclasa TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri cənab Əhliman Əmiraslanov sədrlik etmişdir. Açılış nitqində cənab Əmiraslanov EXPO-2017 Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinin əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, belə mühüm bir tədbirin Astanada keçirilməsi Qazaxıstan Respublikasının inkişafında qazandığı uğurları işıqlandırmışdır. Sədr bildirmişdir ki, ümumilikdə, TürkPA üzv dövlətləri belə bir tədbirin Qazaxıstanda keçirilməsindən fəxr duyur.

TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Feyzullah Kıyıklık iclasın əsas hesabat məruzəsini təqdim etmişdir. O, enerjinin bütün dünya üçün mühüm və həssas məsələ olduğunu qeyd etmişdir. İlk olaraq, o, enerji ehtiyatlarının müxtəlifliyi barədə məlumat vermiş, daha sonra alternativ enerji sahəsində Türkiyənin imkanları haqqında danışmışdır. Məsələn, Türkiyənin geotermal enerji avadanlığı üzrə dünyada yeddinci, Avropada isə ilk sırada olduğu qeyd olunmuşdur.

Qazaxıstan Respublikası Parlament Məclisinin millət vəkili cənab Serik Seydumanov EXPO-2017 və sərgi çərçivəsində keçirilən qlobal miqyaslı müxtəlif tədbirlər haqqında geniş məlumat vermişdir.

Həmçinin parlamentarilər gündəliyin əsas maddəsi ilə bağlı bütün TürkPA üzv ölkələrinin potensial və imkanlarını müzakirə etmiş və arzuolunmaz nəticələrdən yan keçilməsi məqsədilə bütün bu məsələlərin nəzarət altında həyata keçirilməsinin lazım olduğunu vurğulamışdır.

Komissiya TürkPA-nın 7-ci Plenar İclasına təqdim olunması üçün mövzu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını təsdiq etmişdir. Komissiyanın növbəti dördüncü iclasının Qırğızıstan Respublikasında keçirilməsi nəzərdə tutulmuşdur.