Tuesday, 24 October 2017, 06:03:02 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
Astanada İnnovasiya İqtisadiyyatına Qanunvericilik Dəstəyi adlı beynəlxalq konfrans keçirilmişdir

22 iyun, 2017-ci il tarixində Astanada Qazaxıstan Respublikası Parlamenti Məclisinin təşkilatçılığı ilə İnnovasiya İqtisadiyyatına Qanunvericilik Dəstəyi adlı beynəlxalq konfrans keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd alternativ və bərpa olunan enerjinin inkişafına həsr edilmiş Astana EXPO 2017 beynəlxalq sərgisinin məqsəd və vəzifələrinin təşviq edilməsi olmuşdur.

Konfransda parlamentarilər, diplomatlar və Finlandiya, Litva, Fransa, Koreya, Almaniya, İran, İtaliya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Polşa, Rusiya, ABŞ və digər ölkələrdən ekspertlər iştirak etmişdir. Tədbirin iki tematik iclasında “Yaşıl iqtisadiyyat: Qlobal və milli səviyyədə müasir tendensiyalar və inkişaf perspektivləri” və “Beynəlxalq təcrübə: innovasiya iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında ən əhəmiyyətli faktor kimi” mövzulu aktual məsələlər müzakirə edilmişdir.

TürkPA üzv ölkələrinin parlament üzvləri cənab İlham Əliyev (Azərbaycan) və cənab Feyzullah Kıyıklık (Türkiyə) konfransın “Yaşıl iqtisadiyyat: Qlobal və milli səviyyədə müasir tendensiyalar və inkişaf perspektivləri” adlı birinci iclasında çıxış edərək yaşıl iqtisadiyyatın inkişafında TürkPA üzv ölkələrinin potensialı, eləcə də bərpa olunan və alternativ enerji mənbələrinə dair əməkdaşlığın gələcək perspektivləri haqqında danışmışdır.