Wednesday, 23 August 2017, 19:50:05 — Baku (UTC+4)
Türkdilli Ölkələrin Parlament Assambleyası
4-cü Bakı Forumu toplantılarından birini Türk əməkdaşlığına həsr etmişdir

5-6 may 2017-ci il tarixində, Bakıda, Heydər Əliyev Mərkəzində “Mədəniyyətlərarası Dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu toplantılarından birini Türk əməkdaşlığına həsr etmişdir. Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən və Fondun Prezidenti Gunay Əfəndiyevanın sədrliyi ilə “Türk irsi mədəniyyətlər və sivilizasiyalar qovşağında” mövzulu dəyirmi masa təşkil edilmişdir.

TurkPA Baş katibi Jandos Asanov toplantıda etdiyi çıxışda TürkPA üzv ölkələrinin sivilizasiyalararası dialoqun dərinləşməsi sahəsində səylərini vurğulamışdır. Məsələn, Azərbaycanda Birinci Avropa Oyunları, eləcə də BMT sivilizasiyalar Alyansının 7-ci Forumu keçirilmişdir, Qazaxıstanda 2003-cü ildən etibarən Dünya və Ənənəvi Dinlər Rəhbərlərinin Qurultayı keçirilir və bu il burada dünyada davamlı inkişafın əsas faktorlarından biri olan alternativ və bərpa olunan enerji mənbələrinə həsr edilmiş EXPO-2017 beynəlxalq sərgisi keçiriləcək. Qırğızıstan artıq ikinci dəfə Türk və Köçəri mədəniyyətlər irsinin bərpa edilməsi məqsədilə Dünya Köçəri oyunlarını keçirir. Türkiyə qitələr və sivilizasiyalar arasında körpü rolunu oynamaqla, hal-hazırda böyük sayda qaçqınların yerləşdirilməsi üçün mübarizə aparır.

Cənab Asanov həmçinin Türkdilli ölkələrin bir-birilə əməkdaşlıqlarını dərinləşdirə biləcəyi sahələrə diqqət çəkmişdir. O, Türkdilli ölkələr arasında kifayət qədər məlumat axınının olmadığını bildirmişdir. Bu problemin həll edilməsi üçün, cənab Asanovun da araşdırdığı kimi, tərəflərin bir Türk dilindən digərinə tərcümə məsələlərinə elmi cəhətdən yanaşması vacibdir.

Türk Şurasının Baş katibi Ramil Həsənov, TÜRKSOY-un Baş katibi prof. Düsen Kaseynov, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRSİCA) baş direktoru prof. Halit Eren, Şərqşünaslıq İnstitunun direktor müavini Şahin Mustafayev, Bakı Dövlət Universitetinin professoru Kamilə Əliyeva və Rusiyadan olan akademik Nizami Məmmədov da dəyirmi masada çıxış etmişdir.

Türk əməkdaşlığı institutlarının rəhbərləri Jandos Asanovun Türk Əməkdaşlıq İnstitutlarının növbəti toplantısının iyun ayında Bakıda, TürkPA-nın yeni inzibati binasında keçirilməsi təklifini yekdilliklə dəstəkləyərək qısa məsləhətləşmələr aparmışdır.

Dəyirmi masadan sonra Baş katib 4-cü Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində iştirak etmişdir.