Sunday, 18 February 2018, 23:51:00 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası
Türk әmәkdaşlıq qurumları TÜRKPA Katibliyindә bir araya gәlmişdir

TÜRKPA, Türk Şurası, TÜRKSOY, Türk Mədəniyyət və Miras Fondu və Türk Akademiyasının Dördüncü Koordinasiya İclası 8 fevral, 2018-ci ildə Bakıda TÜRKPA Katibliyində keçirilmişdir. İclasda Türk Şurasının Baş katibi cənab Ramil Həsənov, TÜRKSOY Baş katibi cənab Düsen Kaseinov, Türk Mədəniyyət və Miras Fondunun Prezidenti Günay xanım Əfəndiyeva və Türk Akademiyası Daimi Katibi cənab Asxat Kessikbayev iştirak etmişdir.

Baş katib cənab Mamayusupov iclasın moderatoru kimi iştirakçıları TÜRKPA-nın 2017-ci il fəaliyyətləri, eləcə də 2018-ci il üçün qarşıdan gələn planlar və layihələr barədə məlumatlandırmışdır.

Türk əməkdaşlıq təşkilatlarının nümayəndələri öz son fəaliyyətləri barədə məlumat təqdim etmiş və Katibliklər arasında koordinasiya işi və məlumat mübadiləsinin təkmilləşdirilməsi barədə razılığa gəlmişdir.

Həmçinin tərəflər TÜRKPA-nın 10-cu ildönümü, TÜRKSOY-un 25-ci ildönümü, ADR-in 100-cü ildönümü və Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90-cı ildönümü daxil olmaqla mühüm tədbirlərin birgə qeyd olunması kimi məsələlər barəsində razılığa gəlmişdir.

Növbəti Beşinci Koordinasiya İclasının 2018-ci ildə Türk Mədəniyyət və Miras Fondunun ev sahibliyində Bakıda keçirilməsi qərara alınmışdır.